05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Nəzərovdan dünyada bir ilk - 27 MART KONSERTİ

26.03.2019

"Dövran Media" xəbər verir ki, Əməkdar artist İlham Nəzərov musiqisevərləri 27 mart 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında keçiriləcək kamera vokal musiqisi axşamına dəvət edir. 

Nəzərinizə çatdırırıq ki, Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov və Bakı Musiqi Akademiyasının doktorantı Günel Bəkirovanın ifasında F.Şubertin "Qu quşunun nəğməsi" vokal məcmuəsi səslənəcəkdir. 

Qeyd edək ki, səsləndiriləcək əsər kontratenorun ifasında dünyada ilk dəfə olaraq ifa edilir və dünya premyerasıdır. Məcmuəyə daxil olan mahnılar qəmli və dərin fəlsəfi məzmunlu olması ilə seçilir.  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov dəfələrlə ölkəmizi bir çox mötəbər tədbirlədə uğurla təmsil etmişdir. Bunlardan "Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq
Müsabiqəsi" birinci yer, 2017-ci ildə Rusiya Federasiyasında keçirilən "Big opera İnternational competition 2017" müsabiqəsində laureat,  2018-ci ildə Qazaxstanın Astana şəhərində "İnternational competition of estrada singing" müsabiqəsində laureat, 2018-ci ildə ABŞ-da keçirilən "The best vocal coach in the word" müsabiqəsində Qrand-Pri və digər uğurlarını qeyd etmək olar. 

İfaçı daim  vətənimizin tarixi günləri ilə bağlı bir çox  konsertlərdə fəal iştirak edir. Məhz sonuncu dəfə 2019-cu il 25 fevral tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında "Xocalı faciəsi"nə həsr olunmuş tədbir və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" nə həsr olunan konsert isə  ifaçının böyük  patriot və vətənini sevən vətəndaş olduğunu bir daha təsdiq edir. Konsertdə fortepianoda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Günel Bəkirova ifa edəcəkdir.
 F.Şubertin "Qu quşunun nəğməsi” vokal məcmuəsinə daxil olan mahnılar arasında hər hansı bir sujet və ya dramaturji xətt yoxdur. Bu əsərlərin yaranma dövrü onları bir-birinə bağlayan əsas səbəbdir. Məcmuəyə 14 mahnı daxildir. Onlar 1828-ci il avqust ayında, yəni bəstəkarın ölümündən bir neçə ay qabaq bəstələnmişdirlər.

Məcmuədə yer alan mahnılar üç şairin sözlərinədir: L.Relştab, H.Heyne, İ.Q.Zeydl. 1828-ci ilin avqust ayında H.Heynenin sözlərinə 6 mahnı, daha sonra L.Relştabın sözlərinə 7 mahnı, ölümündən bir ay qabaq isə, yəni oktyabr ayında İ.Q.Zeydlin "Göyərçin poçtu” şeirinə mahnısını yazır. Bəstəkarın ölümündən sonra naşir T.Haslinqer F.Şubertin qardaşından mahnıların əlyazmasını alaraq onları məcmuə şəklində birləşdirir və onu ”Qu quşunun nəğməsi” adlandırır. Qədim yunan əfsanəsinə görə qu quşu nakamlığı bildirir və sanki ölümündən qabaq mahnısını oxuyur. Məcmuədə yer alan mahnılar məzmunu F.Şubertin həyatında 1824-cü ildən başlayaraq hakim olan dərin faciyə və kədər
hissinin, onun yaşantılarının əksidir. Mahnılar öz məzmununa görə fərqlidirlər və bir-biri ilə əlaqəli deyildirlər. Məsələn burada "Məhəbbət carçısı” və "Vida” qayğısız və işıqlıdırlar. H.Heynenin sözlərinə yazılmış mahnılar isə daha qəmli və dramatikdirlər ("Onun portreti”, "Oxşar”, "Atlas”, "Şəhər”, "Dəniz”). Məcmuəni "Göyərçin poçtu” mahnısı tamamlayır. Bəstəkar bu mahnını ölümündən bir neçə gün əvvəl yazmışdır. Yüngül intonasiya, şən və qayğısız xarakterli mahnıdan "Oxşar”ın müəllifini çətin
müəyyən etmək olar. Məcmuəyə daxil olan mahnıları monoloqdur. Onların hər biri  psixoloji  şəkil  və dramatik səhnə xarakterlidirlər. Onların əsasında  insanın mənəvi hal və vəziyyəti durur.

Qeyd etmək lazımdır ki, konsert 31 mart Azərbaycanlıların Soyqırımı Gününə
həsr edilmişdir. F.Şubertin "Qu quşunun nəğməsi” vokal məcmuəsindəki əsas
dramaturji xətt olan insanın daxili faciəsi xalqımızın yaşadığı ağır və faciəli
günlərə bir ithaf xarakteri daşıyır.