27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səs-küylü adamın SƏSSIZ gedişi

30.07.2020


Bunu yəqin bilirəm: ən şit və acı zarafatına görə ona olan acığım heç də asanlıqla soyumayacaq. Ən azı ona görə ki, o, bunu biləcək yaşı çoxdan haqlamışdı və yaxşı bilirdi ki, ölümlə zarafatın hər cürəsi qorxulu və xoşagəlməzdir. Bunu bilə- billə də bizimlə ən şit zarafatını eləməkdən çəkinmədi: çarəsiz halda, qulağımız eşidə-eşidə, gözumuzdən qıraqda ola- ola ayaqlarını uzatdı, gözlərini yumdu və dünyasını dəyişdi. İstəyərək, ya istəməyərək, hər halda, o, bunu etdi və bizi əli-qolu bağlı saxlayaraq əlimizdən getdi.

Yəqin ki tək cəmən yox, bizim uşaqların bir çoxu bu acıyı bizə daddırdığına görə onu asanlıqla bağışlamayacaq. Çünki bu dəfə bu həna o hənadan deyil: əşi, Əmrahdı da, yenə həmişəki kimi zarafatından qalmır deyib də üstündən keçəsi halımız nə gəzir. Kəsəsi, bu zarafatı qaldıracaq gücümüz onunla bağlı bir xoş xəbəri eşitmək ümidi ilə neçə gün gözümüz xəbər saytlarında,qulaqlarımız kimdənsə eşidəcəyimiz, qırışımızı açan bir kəlməni gözləməkdən tükəndi.
Xəbər gəlməyinə gəldi. Amma bizim dualarımızı əsirgəmədən, Allaha yalvara-yalvara umduğumuz kimi deyil, heç eşitmək istəmədiyimiz kimi, yalan olduğuna inanmaq istədiyimiz kimi gəldi. İllərlə xəbər dalınca qaçan Əmrah bu dəfə özü xəbərə çevrildi, həm də çox acı bir xəbərə. Gözümüzün yuxusunu, ağzımızın dadını qaçırdı.

…O vaxt həvəsimiz bizi ölkəmizin müxtəlif bölgələrindən bir yerə cəmləmişdi: əksəriyyətinin yüz metrdən kənd uşağı olduğu bilinən bizlər jurnalistika fakültəsinə daxil olmaq istəyirdik. Böyük şəhərdə öz keşiyimizi çəkəməyə ehtiyac olduğu halda, biz sözün keşiyində durmaq eşqi ilə alışıb yanırdıq. Bizim bu sevgimiz saf, təmiz idi.

Sonralar çox, lap çox şeylər dəyişəcək, ancaq indi biz qələm sahibi olmaq, cəmiyyətdə mövqe tutmaq üçün çırpınırdıq. Yaş fərqimiz də varıydı- birimiz orta məktəbi həmin il, birimiz bir il əvvəl, digərimiz isə on il əvvəl bitirmişdik. Müxtəlif yaşlarda olsaq da, hamımız qrupp yoldaşı idik. Məndən böyüklərlə və məndən kiçiklərlə istəkli qrup yoldaşları idik. Bu gerçəyi hətta aldığımız qiyabi təhsildə dəyişmədi. Hələ əyani təhsil alanların bizə necə qibtə ilə baxdıqlarını, mehribanlığımızı necə qısqandıqlarını demirəm. Amma onu deyim ki, bu gerçək günü bu gündə öz dəyərini müəyyən qədər saxlaya bilib.

…Özümü sevimli oyuncağını itirmiş uşaq kimi çarəsiz və aciz hiss edirəm. Çox doğmalarımı itirmişəm, hərəsinin də ağrısı başqa cür olub. Bu ağrı da bambaşqadır. Tələbə yoldaşını itirmək ağrısı hamımızın-qrup uşaqlarının ilk dəfə daddığımız ağrıdır, ürəymizi sıxan sualları sıralayan ağrıdır.
- Yəni bir daha onu görməyəcəyik?

-Yəni bir daha yığışıb kiminsə xeyir işində, ad günündə, övladının «tələbə» adını qazanmasını qeyd edəndə məclisin axırınayaxın olsa da, o, gülə-gülə içəri daxil olub gec gəlməsinə şirin-şirin bəraət qazandırmayacaq: "uşaqlar, vallah, işdən tez çıxmaq mümkün olmur, məni üzürlü sayın, Bəxtiyar, sən ki bu şeyləri məndən də yaxşı bilirsən”, deməyəcək?

- Yəni məclislərimizə xüsusi dad qatan zarafatlarını bizə çox görəcək?

…Yəni???

O,özü də yaxşı bilirdi, biz də bilirdik ki, Əmrah pisniyyət, qəlbiqara deyil. Və bütün görüşlərimiz də onun əsas qayəsi ancaq və ancaq məclisə şirinlik qatmağa, şuxluq gətirməyə hesablanırdı və eyni ustalıqla da həyata keçirilirdi.

O, «çin istehsalı» deyildi, orijinal idi. Hər hərəkətində. Yerişində-duruşunda. Nə edirdisə, hamısı ona yaraşırdı. O, sadəcə, özü olurdu, yəni Əmrah olurdu. Tələbə yoldaşımız Valehin oğlunun toyunda dondurma ilə çörək yeyəndə də, amerikan filmlərindəki bəzi baş qəhrəmanlar kimi diş çöpünü ağzında oynada-oynada şirin söhbətlər edəndə də, heç bir səbəb-filan olmadan, necə deyərlər, lap durduq yerə, heç nədən bizlərdən küsəndə də o, məhz özü olurdu. Yalançı cizgilər onun xarakterik cizgilərinə heç yaxın da gələ bilmirdi.

İndi belə məlum olur ki, biz Əmrahı məhz heç kimə bənzəməyə çalışmadığına görə bir az da çox istəyirmişik.

Bizim BəxtiyarƏzizli demişkən, tələbəlik dövrümüz çox çətin məqama düşmüşdü- 90-cı illərin əvvəlinə. Köhnə quruluş dağılmış, yenisi isə hələ rəngi-ruhu bəlli olmadan yol gəlməkdə idi. Bəlkə elə buna görəydi ki, (sözsüz ki, bu mənim şəxsi, ancaq qərəzsiz qənaətimdir) çoxumuza yuxu kimi əlçatmaz görünən jurnalistika fakültəsinin tələbəsi olsaq da, umduğumuzu ala bilmirdik. Ya biz ala bilmirdik, ya da sevimli fakültəmiz bizə istədiyimizi verəcək gücdə- imkanda deyildi. Amansız kompüter əsri başlayırdı və qələmin müqəddəsliyi, ənənəvi bilgilər ildırım sürəti ilə köhnəlir və öz anlamını, dəyərini itirirdi.

Məhz belə bir dövrdə ən azman, say-seçmə və həm də çox sevimli, bizə doğma nəvazişlərini əsirgəməyən müəllimlərimizin çox ciddi səylərinə baxmayaraq, biz istədiyimizi ala bilmirdik. Və haqlı olaraq bizə elə gəlirdi ki, bizdən heç nə olmaz.

Ancaq həyat bizi ütülədi, bərkə-boşa saldı, sınaqlardan çıxardı. Nəhayətində, hərəmizin səsi-sorağı müxtəlif mətbu orqanlardan gəlməyə başladı.Yavaş-yavaş imzalarımız tanındı. Kimininki az, kimininki çox. Tələbə ikən öyrənməyə həvəs göstərdiyimiz janrlar qaldı bir kənarda, həyat bizə öz istədiyi və diktə etdiyi janrlarda yazılar yazdırdı. İçimizdə ən bərkgedənlərdən biri də o idi – Əmrah Fəqanoğlu.
Hətta bir ara nüfuzlu bir dövlət qurumunun mətbuat xitmətinə rəhbərlik də etmişdi. Daha əvvəllər və daha sonra yaradıcılıq imkanını bütün sahələrdə sınaqdan keçirmişdi- radio, qəzet, rəsmi qurumun mətbuat xidməti, televiziya. Məncə, pis də alınmırdı, çünki onun özünəməxsusluğu mütləq öz müsbət təsirini göstərirdi və birmənalı olaraq uğurunu təmin edirdi.

Ancaq min təəssüflər olsun ki, uğurlar da, arzular da qəfil və yarımçıq qırıldı. Ürək soyudan, təskinlik verən söz tapmaqda acizəm.

O, indi öz aləmindədi.

O, indi başqa dünyanın adamıdı. Görünür, fani deyilən bu dünya ona darısqallıq elədi. Ona görə də sonsuzluğu seçdi, səmalara uçdu.

…barəndə keçmiş zamanda danışmağa, xatirələr bölüşməyə, yoxluğun haqqında acılı yazı yazmağa vadar etdiyinə görə alacağın olsun, Əmrah.

Hələlik, səssiz- səmirsiz getməyi bacaran səsli-küylü adam.

Səməd Hüseynoğlu
30.07.2020