27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hüseyn Kərim: ALOV (hekayə)

18.08.2020

Artıq axşama yaxın Dövlət Sərhəd Xidmətinin rəisi  Ali Baş Komandanın qəbulunda idi.

Komandan xidmət rəisi, general-polkovnikə müraciət edərək dedi:

- Cənab general, qərb sərhədlərimizdə baş vermiş insidentlə bağlı məruzə edin.
Xidmət rəisi məruzəni özünəməxsus tərzdə, lokonik  ifadə etdi:
- Cənab Ali Baş Komandan, bu gün səhər saat beş radələrində Ermənistanın on iki nəfərlik diversiya qrupu Azərbaycan Respublikasının qərbində, dövlət sərhədi yaxınlığında əməliyyat keçirməyi planlaşdırırdı. Həmin ərazidə Dövlət Sərhəd Xidmətinin beş nəfərdən ibarət xüsusi təyinatlı çevik dəstəsi keşik çəkirdi. Diversiya qrupunun hərəkət trayektoriyasını müəyyənləşdirən dəstə komandiri, leytenant İlyasov əsgərlərə gözlənilən təxribata hazır olmalarını və öncədən təyin edilmiş yerlərdə mövqe tutaraq, dövlət sərhədində təhlükə yaranacağı təqdirdə düşmən həmləsinin qarşısını qətiyyətlə almağı əmrini vermişdir. Təxminən iyirmi beş dəqiqədən sonra, düşmənin təxribat qrupu Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərmişdir. AKM tipli avtomatlarla silahlanmış düşmən şərti olaraq "Qala” adlandırılan sərhəd postuna hücum etmişdir. Xüsusi təyinatlı çevik dəstənin əsgərlərinin kəskin müqavimətilə üzləşən erməni təxribat qrupu birinci həmlədə dörd nəfər itki verərək meyitləri və silah-sursatı döyüş meydanında ataraq geriyə, əvvəlki mövqelərinə qaçmışlar. Xüsusi təyinatlılarımızdan əsgər Cəfərov yüngül yaralanmış və dərhal sərhədyanı rayonlardan birində yerləşən hərbi hospitala aparılmışdır. Əsgər Cəfərovun səhhəti normaldır. Qərb sərhəd diviziyasının komandiri, polkovnik Nemətov insidentlə bağlı məruzə edərkən ona sərhəd boyu canlı qüvvə, hərbi texnika və silah-sursatın sayının artırılması əmri verilmişdir. Çünki ermənilərin yenidən təxribata əl atmayacağını düşünmək sadəlövhlük olardı. Zənnimiz bizi aldatmadı. Hadisədən bir saat belə keçməmiş, təxminən saat yeddi radələrində düşmənin əlli nəfərlik canlı qüvvəsi iki dəstəyə bölünərək, "Qala” postuna bu dəfə cinahlardan hücuma keçdi. İki saat ərzində gedən gərgin döyüşdə qəhrəman sərhədçilərimizin şücaəti və fədakarlığı nəticəsində düşmən son nəfərinəcən məhv edildi.

Cənab Ali Baş Komandan, sərhəddən ikinci həmlə haqda məlumat gələn kimi, sizdən bölgəyə təcili getmək və məsələni yerində araşdırmaq əmri alıb ora yollandım. Səhər saat doqquzda düşmənə sarsılmaz zərbə vurmuş postun əsgər və zabitlərilə görüşdüm. Təcili müşavirə keçirib vəziyyəti təhlil etdik. İnsidentlə bağlı sizə operativ məlumat verdikdən sonra təhlükənin sovuşmadığını nəzərə alaraq, düşmənlə üz-üzə dayanan bütün sərhəd dəstələrinə birinci dərəcəli hazırlıq xəbəri və ehtiyat qüvvələrin sərhəd boyu hərəkətə gətirilməsi əmri verildi.

Cənab Ali Baş Komandan, fərəhləndirici haldır ki, sərhədçilərimiz döyüşdən itkisiz çıxdılar. Bir faktı da qeyd edim ki, əsgər Seyidov döyüş zamanı erməni mövqelərinə qədər irəliləmiş, düşmən istehkamına od vurmuş və ərazidə yerləşən yüksəkliyə Azərbaycan Respublikasının bayrağını sancmışdır. Ağır güllə və yanıq yarası almış əsgər Seyidovu helikopterin dəstəyi ilə silahdaşları alovun içindən huşsuz halda çıxararaq xilas edə bilmişlər. Əsgər Seyidov  təcili olaraq paytaxtdakı mərkəzi hospitala yerləşdirilmiş, ona təxirəsalınmaz tibbi yardım göstərilmiş, səhhəti stabildir. Cənab Ali Baş Komandan, düşməndən geri alınmış mövqelərdəki istehkamlardan ucalan alov və yüksəklikdə dalğalanan Azərbaycan bayrağı sərhəd kəndlərindən adi gözlə görünürdü. Təbii ki, bu hal əhalidə böyük ruh yüksəkliyi yaratmışdır. Hazırda döyüş meydanında qalan meyitlərin qarşı tərəfə təhvil-təslim proseduru gedir. Bu proses ATƏT-in bölgədəki səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilir.
Cənab Ali Baş Komandan, qərb sərhədlərində son saata olan məlumat bu qədərdir. Məruzə etdi: Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik…

Məruzəni dinlədikdən sonra generalın alnındakı yanıq izinə və sağ əlindəki sarğıya diqqət yetirən Ali Baş Komandan ona iti baxışlarla baxıb dedi:

- Təvazökarlığınızdan dolayı məruzənizdə bir məqamı qeyd etmədiniz, cənab general.

- Nəyi nəzərdə tutursunuz, cənab Ali Baş Komandan?

- Sərhədçi Seyidovun xilası ilə bağlı məqamı. Bildiyimə görə özünüzü təhlükəyə ataraq onu alovun içindən məhz siz çıxarmısız, cənab general…

Komandanın olayı xüsusi vurğulaması xidmət rəisini təəccübləndirmədi. Çünki dövlət başçısının bu kimi xəbərlərdən məlumatlı olması normal bir hal idi.

- Elədir, cənab Ali Baş Komandan. Əməliyyat xəbərinə əsasən məlum olub ki, əsgər Seyidov düşmən mövqelərinədək irəliləmiş, istehkama od vurmuş və Azərbaycan bayrağını ərazidə yerləşən yüksəkliyə sancmışdır.

Əsgər Seyidovun xilas edilməsilə bağlı təcili plan hazırlanmış və həyata keçirilmişdir. Bir general, bir ata və bir insan kimi bunu kənardan izləmək gücündə olmadığımdan  xilasetmə əməliyyatında bilavasitə iştirak etdim. Təbii bu hərbi qaydaların ziddinə idi. Amma alovun içində yaralı və huşsuz vəziyyətdə qalan Azərbaycan əsgərini, vətən uğrunda canından keçməyə hazır olan sərhədçini xilas etməyi müqəddəs borcum saydım...

Xidmət rəisi məruzə etdiyi zaman gözləri önünə əsgər Seyidovu od tutub yanan düşmən istehkamından qolları üstdə çıxarmağı gəldi. Baş vermiş olay generalın yaddaşına unudulmaz hadisə kimi həkk olmuşdu. Çünki o bir insanı, bir Azərbaycan əsgərini ölümün caynağından qurtarmışdı. Və bu səbəbdən özünü dünyanın ən xoşbəxt adamı sayırdı…

Azərbaycan əsgərinin və generalının qəhrəmanlığını yüksək qiymətləndirən
Komandan xidmət rəisinə "Əhsən, cənab general, sizinlə fəxr edirəm”- dedi.
General da: "Azərbaycan Respublikasına xidmət edirəm” - deyib Komandana hərbçi salamı verdi.
Ertəsi gün Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncama əsasən Dövlət Sərhəd Xidmətinin əsgəri Seyidov Əli Həsən oğlu göstərdiyi şücaət, fədakarlıq və qəhrəmanlığa görə  "Rəşadət" ordeni ilə təltif olundu.

Hüseyn KƏRİM