04 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dilçi-alimin doğum günüdür - YUBİLEY

10.01.2019

10 yanvar 2019-cu ildə sovet dövrünün və Azərbaycan Respublikasının görkəmli dilçi-alimi, türkoloqu, ictimai xadimi, elm və təhsil təşkilatçısı Afad Qurbanovun (1929-2009) anadan olmasının 90 illik yubileyidir. 
Geniş təşkilatçılıq bacarığına malik olan mahir pedaqoq, akademik A.Qurbanov dünyanın bir çox milli və beynəlxalq akademiyaların akademiki, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor olub.
Afad Qurbanovun 80 illil ömrünün 60 ili Azərbaycan Pedaqoji İnstitutu (hazırda Azərbaycan Dövlət Pedaqoji Universitet) ilə bağlı olub. O, tələbəlikdən rektorluğa qədər böyük və şərəfli yol keçib. A.Qurbanov institutda tələbə, aspirant, asistent, müəllim, dosent, professor, dekan müavini, 13 il dekan, otuz il kafedra müdiri, doqquz il rektor, habelə o zaman ölkədə yeganə fəaliyyət göstərən filologiya və pedaqogika elmləri üzrə müdafiə şuralarının sədri vəzifələrində çalışıb. Çalışdığı dövrdə A.Qurbanovun bu təhsil müəssisəsi üçün tarixi işlər görmüş və onun adı institutun tarixində qızıl hərflərlə həkk olunub.
Afad Qurbanov APİ-nin rektoru və Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü kimi işlədiyi dövrdə ali pedaqoji təhsilin inkişafına daha çox diqqət yetirib, bu sahədə xüsusi təşkilatçılıq qabiliyyəti nümayiş etdirməklə yanaşı, Azərbaycanda ali pedaqoji təhsilin bir çox spesifik nəzəri problemlərini şərh edib.
Rəhbərlik etdiyi dövrdə pedaqoji institut tamamilə yenidən qurulmuş, yeni kafedralar, fakültələr yaradılmış, tədris müasir və yüksək səviyyəyə qaldırılıb, sədri olduğu pedaqogika və filologiya elmləri üzrə respublika ixtisaslaşdırılmış Müdafiə Şuralarının işi keyfiyyətcə yenilənib, habelə ilk dəfə olaraq onaltı mərtəbəli tədris binası inşa olunub, yataqxanalar əsaslı təmir edilib.
Həmin dövrdə Azərbaycan Pedaqoji İnstitutu nəinki Azərbaycanda, hətta bütün SSRİ-də qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib və APİ-nin SSRİ üzrə 11 yerə çıxması ilə əlaqədar A.Qurbanov SSRİ təhsil naziri tərəfindən mükafatlandırılıb.
1982-ci ildə Azərbaycan SSR-i Mərkəzi Komitəsinin birinci katibi (Ümummilli lider) Heydər Əliyev pedaqoji institutda olub, A.Qurbanovun gördüyü işləri yüksək qiymətləndirərək institutu Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edib və Qırmızı Əmək Bayrağına orden sancıb.
Ölkədə milli hərbçi kadrların yetişdirməsi işində Afad Qurbanovun böyük tarixi xidmətləri olub. 80-ci illərdə Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə A.Qurbanov Azərbaycan Pedaqoji İnstitutunda Qafqazda birinci, SSRİ-də isə dördüncü hərbi fakültə yaradıb. Rektor işlədiyi dövrdə həmin fakültənin fəaliyyəti yüksək səviyyədə təşkil olunub, maddi-texniki bazası tam təmin edilib və respublika tarixində ilk dəfə olaraq 150 nəfər ilk məzuna hərbi rütbə verilib. Həmin məzunlar sonradan Qarabağ uğrunda döyüşlərdə fədakarlıqla vuruşub, onlardan bəziləri Milli Qəhrəman adına layiq görülüb.
A.Qurbanov gərgin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak edib. O, iki dəfə Bakı şəhər Sovetinin deputatı, 1990-1995-ci illərdə isə Azərbaycan Parlamentinin üzvü kimi ictimai-siyasi mübarizələrin önündə gedib, sərt və əyilməz mövqeyi ilə fərqlənib.