28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onları unutmayaq - Əlibala Hacızadə

28.08.2018

Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970).
Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.
"İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).
Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı..
1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.
Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir.
Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.