18 10 2019-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
18/10/2019
17/10/2019
16/10/2019

"Yaşadığım mənzil dövlət qeydiyyatına götürülməyib..."

16.01.2018


Yaşadığım mənzil dövlət qeydiyyatına götürülməyib, yəni, dövlət reyestrindən çıxarışı (el arasında "kupça” deyilir) yoxdur. Yalnız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş order var. Mən bu mənzili satarkən hansı sənədə istinad etməliyəm, ümumiyyətlə, belə mənzilin satış proseduru necədir?
Mahmud SALMANOV,

Bakı, Yasamal rayonu
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. MM-in 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. MM-in 152.4-cü maddəsinə görə, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Göründüyü kimi, mənzil üzərində mülkiyyət (sərəncam vermək) hüququnuz dövlət qeydiyyatına alınmadığından ona dair sərəncam verməyiniz (konkret halda, satmağınız) mümkün deyildir. Mülkiyyət (sərəncam vermək) hüququnuz qeydə alındıqdan sonar mənzilin satışını həyata keçirə bilərsiniz.

Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi



Təqvim


KİVDF