04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yol kənarındakı obyektlər sökülməlidir - Ekspert

09.07.2019

Bakı yollarının ənənəvi problemlərindən biri də yol kənarlarının avtomobil dayanacağı kimi istifadə edilməsi, hətta çox hallarda taksi meydanına çevrilməsidir. 
Problemin həlli üçün əksər yollarda avtobuslar üçün cibli dayanacaqlar da yaradıldı ki, hərəkətə mane olmasın. Lakin indi də taksilər cibli dayanacaqların önündə və sonunda dayanmaqla avtobusların dayanacağa yaxınlaşmasını əngəlləyir, yollarda hərəkəti xüsusilə günün pik saatlarında cəhənnəmə çevirir. Problemlə uzun illərdir mübarizə aparılsa da, heç bir nəticə əldə olunmur. Nə yol kənarları taksilərdən xilas olur, nə də sıxlıq və tıxac azalır.
Daim aktual olan mövzu ilə bağlı açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, Bakı şəhərinin yollarının ən aktual problemidir.
E.Muradlının sözlərinə görə, hətta Nəqliyyat Nazirliyinin dövründən bu problemin həlli ilə bağlı müəyyən addımlar atılıb. Ancaq heç bir nəticə yoxdur:
"Bakıda uzun illədir avtobus dayanacaqlarının zəbti "normal hal”a çevrilib. İndi sürücülər guya bir qədər qaydalara riayət edib avtobus dayanacağında maşın saxlamırlar, ancaq dayanacağın girişi və çıxışında maşın əlindən hərəkət etmək mümkün deyil.
Bu gün elə taksi sürücüsü var ki, dayanacağı zəbt etdiyi üçün 40 manat cərimə edilir, sabah isə gəlib yenə eyni yerdə maşın saxlayır. Sual yaranır, bu taksi sürücüsü gün ərzində nə qədər qazanır ki, onun üçün 40 manat cərimə ödəmək belə çox görünmür? Mən bu məqamda taksi sürücülərini günahkar hesab edə bilmirəm. Çünki bu günə qədər heç bir qurum taksi sürücüləri üçün normal yer, dayanacaq, şərait yaratmayıb. Axı bu xidmət növü də olmalıdır. Bu şəhərdə taksi saxlamaq üçün bir yer belə yoxdur. Təkcə taksi deyil, maşını park edib düşüb harasa getmək üçün şərait yoxdur. Axı bu adamlar lisenziya alırlar, lisenziya ilə xidmət göstərirlər. O zaman nə etsinlər, harada dayansınlar? Aidiyyəti qurumlar əziyyət çəkib hər kəsə lisenziya verdiyi kimi, bu sürücülərin dayanması üçün yer də ayırmalıdır”.
E.Muradlı bildirib ki, bu, Bakı Nəqliyyat Agentliyinin tək görə biləcəyi iş deyil:
"BNA hələ qayda pozan sürücülərin cərimə meydançasına aparılması işinə başlamayıb, hələ yaxın günlərdə başlayacaq. Həm də bu, kor-koranə proses deyil ki, BNA-nın harada hansısa maşın xoşuna gəlmirsə, götürüb aparsın.
20 Yanvar dairəsi, "Gənclik Mall”, "28 Mall”ın qarşısı kimi ərazilər olduqca qarışıq və nəqliyyat üçün konfliktlidir. Bu ərazilərdəki problemin həlli ilə bağlı işıqforların quraşdırılması, növbəli keçidlərin salınması kimi qaydalar tətbiq edildi. Ancaq heç bir nəticəsi olmadı. Bilirsinizmi niyə? Çünki bu obyektlər tikilərkən parkinq xidməti nəzərə alınmayıb, nizamlanmayıb. Bu cür obyektlərin qarşısında taksi duracağı mütləq şəkildə inşa edilməlidir. İndi bu cür yüzlərlə obyekt fəaliyyət göstərir ki, qarşısında təbii olaraq bu problem yaşanır. O cür məkanlardan çıxanların əksəriyyəti taksi axtarır və taksilərin də məhz belə mərkəzlərin qarşısında olması normaldır. Sadəcə taksinin dayanması üçün yer yoxdur. BNA bu taksiləri ərazidən uzaqlaşdırıb hara göndərsin? Axı Bakı kimi şəhərdə normal taksi, avtomobil dayanacağı yoxdur. Hansı mərkəzin də dayanacağı varsa, özləri üçün sistem qurublar, qanunsuz olaraq pul yığırlar. Axı bu belə olmalı deyil.
İşimlə əlaqədar dəfələrlə şahidi olmuşam, DYP qayda pozan, düzgün yerdə park etməyən taksini cərimə meydançasına aparırdı. Bir müddət sonra sürücü gəlib protez ayağını çıxarıb atırdı polisin qarşısına ki, mən əliləm, qazancım ancaq bu taksidir, nə edim? Belə insanı polis necə cəzalandırsın və necə mübarizə aparsın? İndi də bu vəziyyətdə BNA işləyir”.
Ekspertin sözlərinə görə, bu kimi problemlərin öz həllini tapmaması təkcə bir qurumdan asılı deyil:
"Əgər biz Bakı şəhərində yollarda süni tıxac, sıxlıq yaradan maneələri, dayanma-durma qaydalarını pozan sürücüləri, dayanacağı zəbt edən taksi problemini həll etmək istəyiriksə, problemi kökündən həll etməli, yol kənarındakı obyektləri sökməli, taksilər və avtomobillər üçün pulsuz dayanacaq yerləri yaratmalıyıq. Ancaq bundan sonra qaydalara əməl etməyən sürücüləri cəzalandıraraq cərimə meydançasına aparmaq olar”.