02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Su ehtiyatları hansı səviyyədədir? - ARAŞDIRMA

09.06.2019

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Qafqaz ekosistemində olsaq da, regionda ən az su Azərbaycandadır.
Məsələ ilə bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdir Mütəllim Əbdülhəsənov deyib ki, Azərbaycanın yerüstü su ehtiyatları 30 milyard kubmetr, yeraltı suları isə 9 milyard kubmetrdir.
"Yeraltı sularımız yerüstü sularımıza nisbətən daha təmiz və daha davamlıdır. Yerüstü su ehtiyatlarımız kifayət qədərdir. Azərbaycan əhalisinin su ilə təminatında, kənd təsərrüfatı sahəsində bitkilərin suvarılmasında heç bir çətinlik yoxdur. Yalnız bəzi azsulu yerlərdə, müəyyən ərazilərdə su ilə bağlı problem yaşana bilər, çaylar, yeraltı sular olmayan yerlərdə bu çətinliklər ola bilər. Bütünlükdə götürsək, ölkənin su ehtiyatları kifayət qədərdir”, - o bildirib. 
M.Əbdülhəsənovun sözlərinə görə, qonşu ölkələrlə nisbətdə Azərbaycanda su ehtiyatları azdır:
"Ehtiyatlarımız bərpa olunan su ehtiyatlarıdır. İl ərzində təqribən 12,7 milyard kubmetr su götürürük. Bu, suvarma, sənayenin inkişafına, iqtisadiyyatın digər sahələrinin su ilə təminatının yaxşılaşdırılması, enerji hasilatı üçün istifadə edilir. Bu sular bərpa olunandır. Onlar hər il təzələnir, yenilənir”. 
Sektor müdiri BMT-nin 2030-cu ildə Azərbaycanda quraqlıq olacağı ilə bağlı hesabatına da münasibət bildirib:
"İqlim dəyişikləri ilə bağlı müxtəlif təzahürlər, hesabatlar və yanaşmalar var. Ümumilikdə götürsək, son 20 ildə temperaturun yüksəlməsi qeydə alınır və temperaturun dəyişməsi bilavasitə atmosfer yağıntılarının və su ehtiyatlarımızın miqdarının azaldılmasına gətirib çıxara bilən amillərdəndir.
Yəni bu iqlim dəyişikliyi bilavasitə quraqlıq yaradır. Bu təzahürlərdən inkişaf etmiş ölkələr özlərini müdafiə etmək üçün proqramlar, strategiyalar, iqlim təsirlərini yumşaltmaq üçün adaptasiya tədbirləri hazırlayırlar. Bu tədbirlər Azərbaycanda da kifayət qədər var. Hələlik quraqlıqla bağlı ciddi narahatlıq yoxdur”.
M.Əbdülhəsənov qeyd edib ki, Azərbaycandakı su anbarlarında 24,5 milyard kubmetr su var:
"Yaxın illərdə Taxtakörpü, Tovuzçay kimi su anbarları tikilib, istifadəyə verilib. Əsas məqsəd ehtiyac yarandığı təqdirdə həmin su anbarlarının ehtiyatından istifadə edilməsidir.
Kifayət qədər su ehtiyatımız var, ancaq azalmalar müşahidə edilir. Bu da, qeyd etdiyim kimi, iqlim dəyişiklikləri ilə əlaqədardır. Amma bunu qarşılayan tədbirlər var: sudan qənaətlə istifadə texnologiyaları, kənd təsərrüfatında daha çox torpaq kanallarından istifadə edilməsi, arxların çəkilməsi, bitkilərin suvarılmasında müasir texnologiyaların tətbiq edilməsi, damcılı və səpgili suvarma sistemləri bunlara misal ola bilər.
Bundan başqa, bizdə tullantı sularından təkrar istifadə metodları təkmilləşdirilməlidir, bundan istifadə olunmalıdır, sudan səmərəli istifadəyə fikir verilməlidir. Bu, sərvətdir, bunu itirmək olmaz. Hər qorunan damcı bizim gələcək nəslimizə ərməğandır”.
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı məsələyə toxunan sektor müdiri bildirib ki, bununla bağlı Ekologiya v ə Təbii Sərvətlər Nazirliyi Salyanın Xıdırlı kəndində lahiyə həyata keçirib:
"Bakı-Astara magistralı boyunca yaşıllıqlar əkdik. Yaşıllıqların suvarılması üçün damcılı suvarma sistemindən istifadə edilir. Həmin ərazi arid zonadır, yerüstü su mənbəyi yoxdur, həmçinin, yeraltı su mənbələri istifadə üçün yararlı deyil. Biz dəniz suyundan suvarma sistemində tətbiq etdik, duzsuzlaşdırdıq və ondan ağacların suvarmasında istifadə etdik. 
Həmçinin, Şirvan kollektorunun suyundan da ağacların suvarılmasında istifadə edirik. Bu gün də həmin qurğular işləyir, müasir texnologiyadır. Gələcəkdə su ilə bağlı yarana biləcək hər hansı bir fəsadlara qarşı biz yeni texnologiya mənimsədik. Bundan böyük nəticələr əldə etdik. Hazırda bu proses davam etdirilir. 
Bundan əlavə, tullantı sularının təmizlənməsi metodlarından biri də dərindən təmizləmə yolu ilə Hövsan Aerasiya Stansiyasında təmizlənmiş suları yaşıllıqların sulanmasına yönəltmişik. Burada böyük nəticələr əldə edilib. Aeroport yolunun ətrafında salınmış yaşıllıqların böyük hissəsi bu stansiyada təmizlənmiş sular vasitəsilə suvarılır. 
Planımız budur ki, yaxın gələcəkdə Bakının ətrafında qövs şəklində yaşıllıq zonaları salaq. Şəhərdə formalaşan təmizlənmiş suları yaşıllıqların suvarılmasına yönəldək. Yəni suyu təmizləyib, dənizə atmaq axrıncı addımdır. Onu təmizləmək və digər məqsədlər üçün istifadə etmək lazımdır”. 
"Azərsu” ASC-nin "Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu direktorunun müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanov Oxu.Az-a açıqlamasında Cənubi Qafqaz ölkələrinin su ehtiyatlarını açıqlayıb. 
Onun sözlərinə görə, ümumi su ehtiyatları Azərbaycanda 30.9, Gürcüstanda 62.8, Ermənistanda 7.88 kubkilometrdir:
"Ümumi su ehtiyatlarının bir il ərzində bir nəfərə düşən hissəsi Azərbaycanda 3090, Gürcüstanda 16102, Ermənistanda 2680 kubmetrdir. 
Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.50 kubkilometr yerli su ehtiyatı var ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1030, Gürcüstanda 13,7 min, Ermənistanda isə 2211 kubmetrdir. Ölkəmizin hər kvadrat kilometrinə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218,5 min kubmetrdir”.
Qeyd edək ki, bir neçə gün öncə Oxu.Az-a açıqlama verən ekoloq Telman Zeylanov 2030-cu il Azərbaycanda su qıtlığının olması barədə yayılan informasiyanın yanlış olduğunu demişdi:
"Bəzi "alimlərimiz” BMT-nin verdiyi məlumata görə bu cür açıqlama verirlər. Bu, düzgün deyil. BMT-nin məramı sülhü qorumaqdır, iqlimə proqnoz vermək onların işi deyil.  Azərbaycan ərazisində irili-xırdalı 8347 axar sudan ibarət çay sistemi var. Onları səmərəli istifadə etmək lazımdır. Bir sözü deyən zaman əsas olmalıdır”.