09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aprel qələbəsindən 2 İL ÖTÜR +VİDEO

02.04.2018

Bu gün Azərbaycan Ordusunun 2016-cı il aprel ayının əvvəllərində cəbhədə işğalçı erməni silahlı bölmələri üzərində qazandığı qələbələrin növbəti ildönümüdür.
2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qalıb. Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.
Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Aprelin 2-dən 5-dək davam edən döyüşlər zamanı Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələtəpə” yüksəkliyi də bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın endirdiyi dəqiq cavab atəşi ilə darmadağın edilib, nəticədə düşmənin yüksək rütbəli zabitləri-polkovnik və generallar məhv edilib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında döyüş qarşıdurması zamanı erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri, ləvazimatlar, düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.
"DM"