29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin nazirlərlə mühüm görüşü - Nələr gözlənilir?

30.04.2019

Yeni sosial-iqtisadi modeldə sosial sahəyə daha çox diqqət ayrılması nəzərdə tutulub.
Bu sözləri açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas barədə danışarkən deyib.
O, Prezident İlham Əliyevin 3 mühüm sahə üzrə yeni sosial-iqtisadi modelə keçilməsi barədə anonsunu şərh edib:
"Burada əsas məqsəd sosial yönümlü layihələr həyata keçirərək, əhalinin vəziyyətini yaxşılaşdırmaqdır. Bu ilin əvvəlindən sosial layihələrə üstünlük verilib. Sosial layihələrə ilin əvvəlindən bu vaxta qədər təxminən 2.5 milyard manata yaxın vəsait xərclənib. Digər problemli məsələlər, bank sisteminin sağlamlaşdırılması və s. yavaş-yavaş öz həllini tapır, çox ciddi siyasi islahatlar həyata keçirilir. Azərbaycanda neftin qiyməti bu gün yüksəkdir. Neftdən gələn gəlirlər məhz sosial sahələrə, o cümlədən insan kapitalına cəlb edilməlidir. Burada təhsil, səhiyyə sahələrinin inkişafına diqqət artımı nəzərdə tutulur. Yəni bu sahələrdə hələlik müəyyən problemlər varsa da, yeni sosial-iqtisadi modelin həyata keçirilməsindən sonra bu problemlər aradan qalxacaq. Bunun üçün də müəyyən vəsaitlər, layihələr, proqramlar var”.
Deputat qeyd edib ki, ən önəmli məqamlardan biri də vəsaiti insan kapitalına yönəltməkdir:
"Çünki insanlarımız nə qədər dərin biliyə, təcrübəyə malik olarlarsa, Azərbaycanda inkişaf bir o qədər yüksək səviyyədə olacaq. Sosial layihələrin həyata keçirilməsində əsas məqsədlərdən biri də neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi sayəsində həyat səviyyəsini daha da yaxşılaşdırmaq, beynəlxalq aləmdə Azərbaycanın imicini qaldırmaq və iqtisadiyyatımızda çox ciddi irəliləyişə nail olmaqdır”.
Millət vəkili bildirib ki, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi çoxdan nəzərdə tutulan bir məsələdir:
"Səhmdar cəmiyyəti şəklində olan bir sıra müəssisələr, məsələn, "Azərenerji”, "Azərişıq” və s. özəlləşdirilməlidir. Birbaşa insanların sosial həyatına təsir göstərən sahələri özəlləşdirməyin artıq vaxtıdır. Elə strateji nöqtələr də var ki, dövlətin əlində saxlanılmalıdır. Buna misal kimi satış məsələlərini göstərmək olar. Yəni bu, faktiki ikinci özəlləşdirmə proqramının davamı kimi qəbul olunmalıdır.
Yeni sosial-iqtisadi modeldə ən müsbət cəhətlərdən biri də sahibkarlara yeni iş yeri imkanları yaratmaq, əhali ilə təmasları daha da genişləndirmək və bu kimi məsələlərin nəzərədə tutulmasıdır”.