24 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrovla Çavuşoğlu nələri müzakirə etdi?

29.03.2019

Hazırda dünyada dinamik olaraq proseslər baş verir. Bu proseslər Rusiya və Türkiyə istər dövlət başçılarının, istərsə də XİN rəhbərlərinin görüşünü intensivləşdirir.

Bu sözləri Axar.az-a Lavrov-Çavuşoğlu görüşünə münasibət bildirən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, son vaxtlar Türkiyə-Rusiya rəsmiləri arasında tez-tez görüşlər keçirilir:

"Adətən görüşlərdə əsas müzakirə mövzusu Suriyanın şimal-şərqindəki vəziyyət, İdlib məsələsi, Putinlə Ərdoğanın növbəti görüşünə hazırlıq işləri olur. Digər tərəfdən bölgədə gedən dəyişikliklərin də iki ölkə rəsmiləri arasında müzakirə olunması istisna deyil. Son vaxtlar ABŞ hərbi sistemlərinin Şərqi Avropa və Cənubi Qafqaza doğru gəlişi Rusiyada narahatlıq yaradır. Gürcüstanda ABŞ-ın hərbi bazasının yerləşməsi, eyni zamanda Polşada, Rumıniyada və Baltikyanı ölkələrdə ABŞ hərbçilərinin və raket sistemlərinin quraşdırılması Rusiya üçün ciddi təhdid təşkil edir”.

Politoloq vurğulayıb ki, istər Suriyadakı proseslər, istər ümumilikdə Yaxın Şərqdə baş verənlər, istərsə də Ukrayna və Şərqi Avropada olanlar Rusiya üçün Türkiyənin statusunu artırır:

"Kreml məcburdur ki, Türkiyə ilə münasibətləri inkişaf etdirsin. Əgər indi Rusiya Türkiyəni itirsə, bu, Rusiya üçün daha böyük problemlərin baş qaldırmasına səbəb ola bilər. Moskvanın əsas istəyi ABŞ-Rusiya qarşıdurmasında daha çox dövlətləri öz tərəfinə cəlb etmək və AB-də pərakəndəlik yaratmaqdır. AB-də vahid siyasətin bərqərar olmasına mane olmaq, ayrı-ayrı dövlətləri öz tərəfinə çəkmək, eyni zamanda Türkiyə ilə əməkdaşlıq ABŞ-Rusiya qarşıdurmasında Rusiya üçün vacibdir”.

Politoloqun sözlərinə görə, eyni zamanda Türkiyənin də iqtisadi, geosiyasi məqsədlərinin reallaşması üçün 100 il əvvəl olduğu kimi, Rusiya ilə yaxınlaşma vacibdir:

"Türkiyənin indiki hakimiyyəti ABŞ və Rusiya arasında daha çox manevr etməklə, öz istəklərinə və məqsədlərinə nail olmaq yolu tutur. Məsələn, İdlib məsələsində Rusiya-Türkiyə arasında olan razılaşmanın reallaşmamasının səbəbi Türkiyə və Rusiya maraqlarının üst-üstə düşməməsindən qaynaqlanır. Amma onlar bu məsələdə bir-birinə güzəştə, komprimisə gedəcəklər”.

Politoloq Lavrov-Çavuşoğlu görüşündə Qarabağ məsələsinin də müzakirə olunduğunu qeyd edib:

"Bu müzakirələrin hansısa nəticə verəcəyini gözləmirəm. Çünki bu Rusiya-Türkiyə XİN rəhbərləri konteksində həll olunan məsələ deyil. Ümumilikdə götürdükdə isə bəzi şəxslərin münaqişəyə dair münasibətlərini çox yaxşı bilirik”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında bu gün görüş baş tutub.