25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərhəddə atışma: ölən var

12.03.2019

Martın 12-si saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxslər müşahidə olunub.
Bu barədə Axar.az-a DSX-dan məlumat verilib.
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar.
"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­muş və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində və­fat edib. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.
Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilmişdir. İİR sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilmişdir.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunmuşdur.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar vermişdir. DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşmüş, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunmuşdur.
Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular təltifləndirilmişlər.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.