09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mikayıl Müşfiqin anım günüdür - VİDEO

06.01.2018

Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür.

Bu münasibətlə yanvarın 6-da tanınmış ədəbiyyat, elm xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri görkəmli poeziya ustasının Bakı şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzüblər.

Nakam şairi ananlar arasında olan yazıçı-publisist Müşfiq CabiroğluAzərTAc-a müsahibəsində deyib ki, Mikayıl Müşfiqin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Hər il olduğu kimi, bu il də biz Mikayıl Müşfiqi böyük ehtiramla yad edirik.

Sovetimperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da xüsusi amansızlıqla qətlə yetirilib.

Mikayıl Müşfiq özünəməxsus poetik aləmə malik, coşqun, parlaq, nikbin təbiətli bir şair olmuşdur. Həyatdan erkən getsə də, özündən sonra gerçəkliyi yeniləşdirən, gözəlləşdirən, yaradıcılıq sevinci ilə dolu, alovlu, lirik nümunələr qoyub gedib.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-dəBakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edirdi və "Vüsuqi” ləqəbi ilə şeirlər yazırdı. O, 1902-ci ildəXızıdanBakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və ardıcıl olaraq rus-Azərbaycan məktəbində,BakıDarülmüəllimində, 12 nömrəli iki dərəcəli məktəbdə və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə müəllimliklə başlayan, son iş yeri hazırda Mikayıl Müşfiqin adını daşıyanBakışəhərindəki 18 nömrəli orta məktəb olub.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan "Bu gün” şeiri 1926-cı ildə "Gənc işçi” qəzetində, "Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun "Küləklər”, "Günün səsləri”, "Buruqlar arasında”, "Bir may”, "Pambıq”, "Vuruşmalar”, "Şeirlər”, "Şəngül, Şüngül, Məngül”, "Qaya”, "Kəndli və ilan” kitabları nəşr olunub.

1957-ci ildən başlayaraq "Seçilmiş əsərləri”, "Əsərləri”, "Duyğu yarpaqları”, "Əbədiyyət nəğməsi”, "Könlümün dedikləri”, "Həyat sevgisi” və digər adlar altında kitabları nəşr edilmişdir. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə "Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunmuş, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək ("Çoban”, "Mənim dostum”, "Qaya”, "Sındırılan saz”, "Səhər”, "Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. O, həm də tərcümə ilə də məşğul olmuş, A.S.Puşkin, M.Y.Lermontov, S.Y.Marşak, T.Şevçenko, Ö.Xəyyam və başqa şairlərin irsindən nümunələri Azərbaycan dilinə çevirib.

Bu gün Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Sonda Azərbaycanın Xalq Artisti Nurəddin Mehdixanlının ifasında mərhum şairin məşhur "Yenə o bağ olaydı" şeirini sizlərə təqdim edirik. 
Allah Rəhmət eləsin!