07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“TRT World”*dən Azərbaycan haqqında sənədli film

26.02.2019

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - "TRT World” Azərbaycan haqqında sənədli film hazırlayıb.
Fevralın 26-da efirə gedən iyirmi altı dəqiqəlik filmdə Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəb və nəticələri, Xocalı soyqırımı barədə tamaşaçılara ətraflı məlumat verilir.
Çəkilişlərinin əsasən cəbhə bölgəsində aparıldığı sənədli filmdə qeyd edilir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın çox çətin vəziyyətlə üzləşdiyi, ölkədə son ümidlərin də itirildiyi bir vaxtda Heydər Əliyev hakimiyyətə qayıtmaqla xalqın ümidini bərpa etməyi bacardı.
Filmdə Xocalı soyqırımı şahidlərinin, məcburi köçkünlərin, hərbçilərin, eləcə də rəsmi şəxslərin müsahibələrinə yer verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi ilə bağlı fikirləri də filmdə əks olunub.
Qeyd edək ki, bu sənədli filmin hazırlanması üçün "TRT World” kanalının çəkiliş heyəti dəfələrlə Azərbaycana səfər edib, cəbhə bölgəsində, Naxçıvan Muxtar Respublikasında olub. Həmçinin çəkiliş qrupu filmin hazırlanması ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında, Rusiyada olub, həmin ölkələrdə diplomatlardan, tanınmış ekspertlərdən, tarixçi alimlərdən müsahibələr götürülüb.
Xüsusilə qeyd edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin şahidi olmuş yeganə əcnəbi, Xocalı faciəsini gözləri ilə görən və bu barədə beynəlxalq aləmə məlumatlar yayan ilk xarici ölkə jurnalisti olan Tomas Qolts filmin çəkilişi ilə əlaqədar Azərbaycana gəlib, Bakıda, cəbhə bölgəsində onunla söhbətlər aparılıb. Tomas Qolts Azərbaycanda erməni təcavüzkarlığı, xüsusilə də Xocalı soyqırımı ilə bağlı şahidi olduğu faktları filmdə tamaşaçıların diqqətinə çatdırır.
Sənədli filmdə Azərbaycan Ordusunun qüdrətindən, xüsusilə də 2016-cı ilin Aprel döyüşlərindən, uğurlu Naxçıvan əməliyyatından ətraflı bəhs edilir.