29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

16 min tələbəyə sürpriz - Ekspert

15.02.2019

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla ölkədə təqaüd alan tələbələrin sayında köklü şəkildə dəyişiklik baş verib.
"Dövran Media" xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov danışıb. O, sözügedən sərəncamla təqaüd alan tələbələrin sayında ciddi artım olacağını bildirib:
"2015-2016-cı tədris ilində təqaüd alanlar 37,3 faiz təşkil edib. 2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin isə yalnız 36,3 faizi təqaüd alırdı. 2000-ci ildə bu göstərici 45 faiz olub. Yəni son 10 il ərzində Azərbaycanın dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin ümumi sayında artım olsa da, təqaüd alanların xüsusi çəkisi 2000-ci illə müqayisədə azalmaqda davam edirdi.
Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16 min vahid artırılır.
Yəni hazırda təqaüd alan tələbələrin sayı 53408 nəfərdir və prezidentin sərəncamı ilə onların sayı 16 min artırılaraq 70 minə çatdırılacaq. Əlavə olunan 16 min təqaüd akademik göstəriciləri yaxşı olan təhsilin müxtəlif pillələrində təhsil alan şəxslərə şamil olunacaq. Bu o deməkdir ki, hansısa universitetdə ödənişli təhsil alanların akademik göstəriciləri yüksək olarsa, onlara da təqaüdlər veriləcək”.
Ekspertin sözlərinə görə, sərəncamın 2-ci hissəsində qeyd edilən vacib məsələ isə təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin artaraq 31 faizdən çox olmasıdır:
"Sərəncamda təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması məsələsi də qeyd olunub.
Bu o deməkdir ki, 2019-2020-ci tədris ilində ali məktəblərə dövlət sifarişli yerlərin sayı artacaq. Yəni hazırda 45 min plan yerinin 13 mini dövlət sifarişlidirsə, 2019-cu ildə bu rəqəm 12 min artaraq 25 min olacaq. Bununla yanaşı ödənişli ixtisasların sayında artım olacaq. Ödənişli ixtisasların plan yerindəki artım dövlət sifarişli ixtisasların plan yerlərinin artım faizi ilə eynilik təşkil edəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında və ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.