08 10 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanın işğal olunmuş əraziləri

05.01.2018

Devram Media Ermənistan silahlı qüvvələri tərəfindən əraziləri işğal olunmuş və ya zərər çəkmiş, Ermənistanla və Dağlıq Qarabağla həmsərhəd olan rayonlar barədə məlumatları təqdim edir:

- Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.

Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapmışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci il mayın 8-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2-də erməni silahlı qüvvələri tərəfindən işğal edildi.

Məhz bu dövrdə -1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi - Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.

Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın – 1992-ci il 18 may tarixdə, Kəlbəcər – 1993-cü il 2 aprel tarixdə, Ağdam – 1993-cü 23 iyul tarixdə, Cəbrayıl – 1993-cü il 23 avqust tarixdə, Füzuli – 1993-cü il 23 avqust tarixdə, Qubadlı – 1993-cü il 31 avqust tarixdə, Zəngilan – 1993-cü il 29 oktyabr tarixdə) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışdır.

Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayon – Ağdam (ərazisinin 62,8 faizi işğal altındadır), Cəbrayıl, Füzuli (ərazisinin 79,3 faizi işğal altındadır), Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Ermənistanla həmsərhəd bir sıra yaşayış məntəqələri – Naxçıvan Muxtar Respublikasının 1 (Kərki), Tərtər rayonunun 13 (Çardaxlı, Umudlu, Ortakənd, Talış, Həsənqaya, Şıxarx, Çanyataq, Çaylı, Ağdərə, Kiçikqarabəy, Qızıloba, Ağabəyyalı, Uluqarabəy) və Qazax rayonunun 7 (Yuxarı Əskipara, Aşağıəskipara, Baqanis Ayrum, Xeyrimli, Barxudarlı, Soflu, Qızılhacılı kəndləri) artıq 20 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Hal-hazırda ölkədə bir milyon 200 min 450 nəfər qaçqın, məcburi köçkün və "qaçqın” statusu almaq niyyətində olan sığınacaq axtaran şəxs vardır. O cümlədən:

Ermənistandan qaçqınlar (350 min nəfər)

1990-cı ildə Orta Asiyadan didərgin salınmış Axısxa türk qaçqınları (60 min nəfər)

Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağdan, eləcə də ona bitişik olan 7 rayondan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlər 788950 nəfərdir.

- "qaçqın” statusu almaq niyyətində olan sığınacaq axtaran şəxslər - (1500 nəfər)

CƏMİ:

1 200 450 nəfər

Əraziləri işğal olunmuş rayonlar 

Xocavənd

02.10.1992

Xocalı

26.02.1992

Şuşa

08.05.1992

Laçın

18.05.1992

Kəlbəcər

02.04.1993

Ağdam

23.07.1993

Cəbrayıl

23.08.1993

Qubadlı

31.08.1993

Füzuli

23.08.1993

Zəngilan

29.10.1993

Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kv.km ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yolunun, 348 körpünün, 7568 km su və 76940 km elektrik xəttinin dağıdılmasına səbəb olmuşdur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4499 nəfər itkin düşmüşdür.

Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.

Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 300 milyard ABŞ dollarından çoxdur (bu rəqəm Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən dəqiqləşdirilir).

Hazırda 700 min nəfər məcburi köçkün 1600-dan çox sıx məskunlaşma obyektində, o cümlədən fin tipli qəsəbələrdə, ictimai binalarda, yataqxanalarda, yeraltı qazmalarda, təhsil müəssisələrində, tikintisi yarımçıq qalmış binalarda, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında və s. yerlərdə müvəqqəti məskunlaşmışdır.