27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycandakı alman şirkətlərinin SAYI

31.01.2019

Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi ötən il 1 milyard 440 milyon dollar təşkil edir. İnvestisiyalar sahəsində əməkdaşlıq kifayət qədər genişdir.
"Dövran Media" xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, bu görüşlərdə əsasən Azərbaycanla Almaniya arasında energetika, kənd təsərrüfatı, sənaye, informasiya kommunikasiya texnologiyaları, nəqliyyat, turizm, sosial sahələrdə əməkdaşlıq müzakirə edilir:
"Almaniyadan bu sahələri təmsil edən bir sıra mütəxəssislər, dövlət qurumları Azərbaycana səfər edirlər. Bu səfərlərdə əməkdaşlıq üçün növbəti addımlar müəyyənləşdirilir. Almaniya şirkətləri Azərbaycan iqtisadiyyatına 570 milyon dollardan çox investisiya yatırıb. İnvestisiyaların əksəriyyəti qeyri-neft sektorunun payına düşür. Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif dövlət layihələrində podratçı kimi iştirak edir”.
R.Məmmədov onu da vurğulayıb ki, Azərbaycanda istehsal olunan qeyri neft məhsullarının Almaniyaya ixracı istiqamətində mühüm işlər götürülür:
"Azərbaycan regionda kənd təsərrüfatı məhsullarının ən böyük istehsalçılarındandır. Bizim kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyəti yüksəkdir. Bir sıra məhsullar üzrə Avropa İttifaqında və Almaniyada istehlak kifayət qədər böyükdür. Azərbaycandan məhz həmin məhsulların idxalına maraq göstərilir. Biz ilk növbədə, kənd təsərrüfatı, konservləşdirilmiş məhsullar, fındıq, nar və digər meyvələrin, həmçinin meyvə şirələrinin, şərabların Almaniyaya ixracı istiqamətində konkret addımlar atırıq. Bununla yanaşı, kimya sənayesi məhsullarının ixracı istiqamətində də perspektivlər görürük. Kimya sənayesi Azərbaycanda çox yaxşı inkişaf edib. Bu sahədə bizim rəqabət qabiliyyətli istehsalımız var. Həmin məhsulları regiona, həmçinin Avropa İttifaqı və Almaniyaya ixrac edirik. Bu ixracı genişləndirmək üçün istehsalçılarla konkret danışıqlar aparırıq. İnanırıq ki, bu danışıqlardan sonra kimya sənayesi məhsullarının ixracı artacaq. Bununla yanaşı, xidmətlərin ixracının artırılmasında da yaxşı nəticələr müşahidə edirik. Bu sahədə də konkret addımlar atırıq. Müxtəlif xidmət sahələrində fəaliyyət göstərən şirkətlərimizi ixracın təşviqinə cəlb edirik”.