09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Donald Trampa xəbərdarlıq

01.03.2018

ABŞ veteranları Donald Trampa İrana qarşı yalan iddiaların təhlükəliliyi barədə xəbərdarlıq ediblər ABŞ-da fəaliyyət göstərən "Veteran kəşfiyyatçılar” təşkilatı prezident Donald Trampa memorandum göndərib.
Təşkilatın ikinci dəfədir qəbul etdiyi memorandumda deyilir ki, rəsmi Vaşinqton İrana qarşı irəli sürülən yalan iddialardan əl çəkməli və həqiqəti qəbul edərək İran ilə müharibə siyasətinə son qoymalıdır. Həqiqətlər isə ondan ibarətdir ki, İran deyildiyi kimi ABŞ-ın milli maraqlarına ciddi təhlükə törətmir. İran daim müdafiə olunan tərəf kimi 2015-ci ildə Qərb ölkələri ilə nüvə proqramının məhdudlaşdırılması haqqında razılığa gəlib. BMT-nin və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri İranda apardıqları monitorinqdən sonra aydın şəkildə bildiriblər ki, rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırıb. Bundan başqa, istənilən halda ABŞ-a hücum edə bilməz. ABŞ-a hücum etmək İranın nə xarici siyasət planına, nə də gələcək strategiyasına daxildir. Həmçinin İran istəsə belə ABŞ-a hücum etmək imkanına malik deyil. Bunun üçün İslam Respublikasının hərbi gücü kifayət qədər deyil. Odur ki, ABŞ mətbuatında İran əleyhinə təbliğatı dayandırmaq lazımdır. Mətbuatda İranın ABŞ üçün ciddi təhlükə olması barədə dərc olunan materiallar reallığı əks etdirmir və qeyri-obyektiv xarakter daşıyır.
Memorandumda deyilir ki, veteran kəşfiyyatçılar vaxtı ilə prezident Corc Buşa da müraciət edərək İraqa müdaxilə etməməyi məsləhət görmüşdülər. Lakin veteranların müraciətinə baxılmadı və C.Buş administrasiyası İraqa və Əfqanıstana silahlı qüvvələri yeridərək müharibəyə başladı. Həmin müharibənin acı nəticələrini ABŞ cəmiyyəti bütün çılpaqlığı ilə müşahidə etdi. Bu müharibələr əsgər və iqtisadi itkidən başqa ABŞ-a heç nə vermədi.
Sənəddə diqqətə çatdırılır ki, ABŞ güclü ordusuna və bölgədəki müttəfiqlərinin gücünə arxalanaraq İran ilə müharibəyə başlayıb qələbə qazanacağını düşünə bilər. Lakin bu illüziyadan başqa bir şey deyil. İran ordusu ABŞ ordusundan zəif olmasına baxmayaraq bu ölkəyə qalib gəlmək mümkün deyil. Rəsmi Vaşinqton İran xalqının potensialını, vətənpərvərliyini və yad qüvvələr qarşısında yenilmək istəməyəcəyini nəzərə almalıdır. İrana qarşı müharibə ABŞ-ın milli maraqlarını ciddi zərbə altına salacaq. ABŞ-ın Yaxın Şərqdəki iqtisadi maraqları, səfirlikləri, biznes əlaqələri tamamilə iflic olacaq.
Bildirilir ki, ABŞ İrana qarşı müharibəyə başlasa, bu müharibə lokal xarakter daşımayacaq. Rusiya və regionun digər dövlətləri milli maraqlarını qorumaq naminə bu və ya digər tərəfi müdafiə etmək məcburiyyətində qalacaqlar. Vəziyyətin bu şəkildə inkişafı isə müharibənin tez bir zamanda qlobal xarakter alacağından xəbər verir.
Qeyd etmək lazımdır ki, "Veteran kəşfiyyatçılar” təşkilatına vaxtı ilə ABŞ ordusunda, Mərkəzi Kəşfiyyat İdarəsində xidmət keçmiş peşəkar kəşfiyyatçılar daxildir. Onların arasında ABŞ-da və dünyada tanınmış təqaüdçü generallar da var.