05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın inkişaf modelinin mükəmməl elmi tədqiqi

26.12.2018

 Bütün sahələrdə dinamik inkişaf parametrlərinə imza atan müstəqil Azərbaycan Respublikasının bazar iqtisadiyyatına sürətli transformasiyasının özünəməxsus cəhətləri, "İnkişafın Azərbaycan modeli” ilə bağlı müzakirələr hazırda dünyanın nüfuzlu beyin mərkəzlərində diqqətlə izlənilir.
Bu mənada, ümummilli lider Heydər Əliyevin böyük zəhməti, dəmir iradəsi, sarsılmaz qətiyyəti bahasına qurub-yaratdığı və uğurlu yola çıxardığı, layiqli davamçısı - Prezident cənab İlham Əliyevin daha da inkişaf etdirərək hər bir Azərbaycan vətəndaşının milli qürur yerinə çevirdiyi dövlətimizin ötən müddətdə qət etdiyi möhtəşəm yola nəzər salınması, qazanılan nailiyyətlərin dəyərləndirilərək gələcək nəsillər üçün qələmə alınması qarşıda duran mühüm vəzifələrdəndir.
Müstəqil respublikamızın keçdiyi tarixi inkişaf yolunun ayrı-ayrı mərhələlərini analitik təhlil süzgəcindən keçirmədən bugünkü makroiqtisadi nailiyyətləri adekvat qiymətləndirmək mümkün deyildir. Son illərdə Azərbaycanın inkişaf dinamikası o qədər geniş və çoxşaxəlidir ki, bu prosesə hər müəllifin baxışı yeni həqiqətlərə işıq salır.
İnsan kapitalının formalaşdırılmasını prioritet məqsəd kimi diqqətə çəkən, dövlətin innovasiya inkişafında müasir biliklərin, nanotexnologiyaların roluna mühüm yer ayıran bu siyasətin elmi cəhətdən təhlili və əsaslandırılması mövcud uğurların davamlılığının təmini baxımından son dərəcə vacibdir. Postkeçid dövrünün paradiqmalarının elmi cəhətdən əsaslandırılması və proqnozlaşdırılması üçün, ilk növbədə, respublikanın inamla gerçəkləşdirdiyi siyasi, iqtisadi, hüquqi və humanitar islahatları elmi təhlil prizmasından dəyərləndirmək, əldə olunan nəzəri-təcrübi, fəlsəfi qənaətləri ümumiləşdirmək lazımdır. Azərbaycanın inkişaf modelinin elmi prinsiplər əsasında tədqiqi zərurəti respublikanın elm adamları - alimləri qarşısında ciddi vəzifələr müəyyənləşdirir.
Hüquqi, ictimai-siyasi və iqtisadi sahədə sanballı elmi məqalələrin, eləcə də kitabların müəllifi kimi tanınan hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparatının rəhbəri İsaxan Vəliyevin gərgin zəhmət bahasına ərsəyə gətirdiyi "Sabitlik və rifah naminə siyasət” kitabında Azərbaycan Respublikasının əsasən müstəqillik illərində keçdiyi inkişaf yoluna - reallaşdırılan iqtisadi, siyasi və hüquqi islahatlara, xarici siyasət strategiyasına, milli təhlükəsizlik mənafelərinin təminatında əldə etdiyi nailiyyətlərə, beynəlxalq münasibətlər sistemindəki roluna və mövqeyinə, yeni neft və enerji diplomatiyasına elmi-nəzəri və praktik aspektdən nəzər salınmışdır.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun elmi redaktoru olduğu kitabın redaktoru "Azərbaycan” qəzetinin şöbə redaktoru, əməkdar jurnalist Bəxtiyar Əzizlidir.
"Təhsil” nəşriyyatında nəfis tərtibatda çapdan çıxmış kitab ön söz, 8 fəsil və mündəricatdan ibarət olmaqla, özünün analitik ruhu, faktoloji zənginliyi, aktuallığı, elmi siqləti ilə diqqəti çəkir. Müəllifin gərgin zəhməti hesabına qələmə aldığı ayrı-ayrı məqalələrinin toplusundan ibarət olan nəşrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının milli iqtisadi inkişaf modelinin formalaşması prosesinə elmi-nəzəri və praktik baxımdan diqqət yetirilir, bu xüsusda ötən əsrin 70-ci illərində əsası qoyulan, habelə müstəqillik illərində davam etdirilən çoxsahəli islahatlar analitik təhlil süzgəcindən keçirilir.
Elmi səviyyəsi, fakt zənginliyi, müasirliyi, mövcud problemlərə, çatışmazlıqlara obyektiv münasibəti, ən başlıcası, islahatlar kursunun milli modelinin əsaslandırılması kimi mütərəqqi cəhətləri ilə maraq doğuran yeni nəşrdə toplanmış məqalələrdə həm də Azərbaycanın yaxın tarixi keçmişinə, bügününə və gələcəyinə nəzər salınmışdır. Bu məqalələrlə tanışlıq, ilk növbədə, müəllifin ötən əsrin 90-cı illərindən etibarən ölkəmizdə cərəyan edən hadisələri dərindən izlədiyini, çoxşaxəli islahatları obyektiv təhlilə cəlb etdiyini, qarşıda duran vəzifələrin həlli yollarını aydın təsəvvür etdiyini deməyə ciddi əsaslar yaradır. Kitabda yer almış məqalələri oxuyan hər kəs Azərbaycanın sosial-iqtisadi siyasəti, yeni neft strategiyası, xarici siyasəti, humanitar platforması, hüquqi islahatları barədə dolğun təsəvvürə, zəngin bilgilərə yiyələnmək imkanı qazanır.
Azərbaycanda fəlsəfi və humanitar düşüncənin düzgün məcrada inkişafına, yeni dövrün tələbi kimi cəmiyyətdə yaranan aktual nəzəri məsələlərin həllinə sanballı töhfələr vermiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, habelə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun elmi əsərlərinə geniş istinadların olması kitabın elmi dəyərini daha da artırır.
Kitabda 2003-cü ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasına elmi-praktik nəzər salınır. Azərbaycanın yeni neft strategiyasına, Avropanın enerji təhlükəsizliyində artan roluna, regionların sosial-iqtisadi inkişafına, dövlət investisiya siyasətinə, sahibkarlığa qayğı tədbirlərinə, aqrar sahədə islahatlara, qida təhlükəsizliyinin təminatına və digər aktual məsələlərə diqqət çəkən müəllif, eyni zamanda modernləşmə strategiyasının mahiyyətini açmağa çalışır.
Kitabın diqqəti çəkən cəhətlərindən biri də ölkə həyatındakı inkişaf meyillərinin yeni metodologiya və yanaşma əsasında təhlilə cəlb olunmasıdır. Hüquq elmləri doktoru, professor İsaxan Vəliyev Azərbaycanın çağdaş inkişaf təmayüllərinə yeni təfəkkür işığı ilə nəzər salmış, bu, onun haqqında bəhs etdiyi hadisə və proseslərə emprik yanaşmalarında qabarıq əks olunmuşdur. Respublikamızın iqtisadi həyatındakı yeniliklər, həyata keçirilən liberal islahatlar, ölkəmizin əsas tərəf kimi iştirak etdiyi transmilli layihələrlə yanaşı, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri, strateji tərəfdaşlıq münasibətlərində olduğumuz dövlətlərin Azərbaycanla bağlı maraqlarını stimullaşdıran amillər və digər məsələlər kitabda konseptual şəkildə şərh edilmişdir.
Müəllif əsərin "Müstəqilliyə aparan yol” adlanan I fəslində xüsusi vurğulayır ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbərliyə gəlişindən sonra tarixi keçmişini, milli özünəməxsusluğunu qoruyub saxlamaq, habelə gələcək müstəqilliyi üçün zəruri potensial formalaşdırmaq imkanı əldə etmişdir. Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmışdır. Müəllif qeyd edir ki, XX əsrin ortalarında tarixin kamil şəxsiyyət, milli lider kimi Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, müstəqil dövlət yaratması, bütün dünyada sosial-mədəni nüfuz qazanması imkanları genişlənmişdir.
Kitabın I fəslində yer alan "Əbədi müstəqillik formulunun banisi”, "Milli qurtuluşdan başlanan inkişaf yolu, "Davamlı inkişafa xidmət edən ideyaların müəllifi, "Dövlət siyasətində prioritet hədəflər: güclü dövlət, müstəqil siyasət, yüksək sosial rifah”, "Əbədiyaşarlıq haqqı”, "Milli-mənəvi dəyərlərin yüksəlişinə xidmət edən missiya”, "Azərbaycançılıq - milli inkişafın və həmrəyliyin təminatçısı olan mükəmməl ideologiya” adlı məqalələrdə müəllif bu qənaəti bölüşür ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dünya siyasi sistemində özünəməxsus yerinin müəyyənləşdirilməsi baxımından tarixi hadisə olmuş, milli iqtisadi inkişaf modelinin və milli ideologiyanın formalaşmasında mühüm rol oynamışdır. Ölkədə ictimai-siyasi sabitliyin bərpası, qanunsuz silahlı birləşmələrin ləğvi, iqtisadi problemlərin tədricən aradan qaldırılması, dövlət strukturlarının fəaliyyətinin demokratik prinsiplərə uyğunlaşdırılması və yeni idarəçilik mexanizmlərinin yaradılması, səmərəsiz planlı iqtisadiyyat və bölgü sisteminin ləğv edilərək özəlləşdirmə prosesinə başlanılması ulu öndər Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətləri sırasında xüsusi qeyd olunmuşdur.
Kitabın "Dövlətçilikdə uğurlu varislik” adlı II fəslində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamından irəli gələrək Azərbaycan Xalq Cümhuriyyəti dövründə aparılan siyasi, hüquqi və iqtisadi islahatlara, xarici siyasət strategiyasına, qəbul olunan qanunvericilik aktlarına, parlamentarizm fəaliyyətinə geniş nəzər salınmışdır. Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Xalq Cümhuriyyəti bolşevik işğalı sayəsində süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmamış, qədirbilən xalqımız milli dövlətçilik atributlarını qoruyub saxlamışdır.
"Modernləşməyə aparan iqtisadi islahatlar” adlanan III və "Sağlam və dayanıqlı inkişaf naminə” adlanan IV fəsillərdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda onun layiqli davamçısı cənab
İlham Əliyev tərəfindən inamla davam etdirilən sosial-iqtisadi islahatlar təhlilə cəlb edilmişdir. Kitabın bu fəslində müəllif vurğulayır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən ölkə qarşısında duran problemləri və onların həlli yollarını düzgün müəyyənləşdirmiş, islahatlar kursunun çevikliyinə, işləkliyinə nail olmaq məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Dövlətimizin başçısının iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən fərmanları, regionların tərəqqisinə təkan verən dövlət proqramları, sosial sahədəki siyasəti, struktur islahatları, ekoloji problemlərin həlli və qida təhlükəsizliyinin təmini istiqamətində atılan mühüm addımlar diqqətə çəkilmişdir.
Müəllifin qənaətincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkə vətəndaşlarının maddi rifah halını daha da yüksəltmiş, ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasını, işsizliyin minimuma endirilməsini təmin etmişdir. Həmçinin iqtisadi sahədə keçid dövrünü başa vurmaq üçün qarşıya qoyulan hədəflərə çatmaq yönündə qəti, çevik addımlar atılmış, zəruri işlər görülmüşdür. Respublikamız son 15 ildə - özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla geridə qoymuşdur. Müəllif qeyd edir ki, qarşıdakı dövrdə formalaşmış möhkəm təməl üzərində iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək, şəffaflığı və səmərəliliyi artırmaq, xidmətlər sahəsində vətəndaş məmnunluğunu təmin etmək hökumətin qarşısında duran ciddi vəzifələrdir. Kitabda qlobal maliyyə böhranının mənfi təsirlərinin aradan qaldırılması, inkişafın yeni paradiqmalarının, uzunmüddətli inkişaf hədəflərinin dərin elmi əsaslarla müəyyənləşdirilməsi məqsədilə imzalanmış strateji yol xəritələrinin də əhəmiyyəti xüsusi qeyd olunur.
Kitabın "Milli maraqların təminatçısı” adlı V, habelə "Tolerantlıq məkanı - Azərbaycan” adlı VI fəsillərində qeyd olunur ki, son 25 ildə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilən xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Müəllif yazır ki, ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək istiqamətində böyük səy və əzmkarlıq göstərir.
Kitabda vurğulanır ki, ulu öndərin əsasını qoyduğu islahatları son 15 ildə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm və tolerantlıq siyasəti ölkə daxilində inteqrasiya proseslərini möhkəmləndirmiş, eləcə də beynəlxalq müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərmişdir. Kitabla tanışlıq ölkəmizdə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsində həyata keçirilən dövlət siyasəti, bu yöndə əldə olunan nəticələr barədə də aydın təsəvvür formalaşdırır.
Multikultural cəmiyyətin formalaşmasında coğrafi amilin rolunu diqqətə çəkən müəllif haqlı olaraq Azərbaycanın müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşməsini xüsusi qeyd edir. Tanınmış alimin bu qənaəti ilə də tam razılaşmaq mümkündür ki, obyektiv səciyyə daşıyan tarixi və coğrafi amillər Azərbaycan multikulturalizminin formalaşması prosesində təkanverici amil rolunu oynamışdır. Kitabda Azərbaycan multikulturalizminin azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təhlilə cəlb olunması, habelə onun konstitusion və qanuni əsaslarının önə çəkilməsi yeni elmi yanaşma kimi diqqətəlayiqdir.
Kitabda, habelə demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı üçün həyata keçirilən kompleks tədbirlərə də nəzər salınır. Müəllif xüsusi vurğulayır ki, Azərbaycanı bütövlükdə dünyanın lider ölkəsinə çevirən effektiv sosial-iqtisadi islahatlar kursu zaman keçdikcə, cəmiyyət həyatında daha ardıcıl, davamlı, məqsədyönlü xarakter alan demokratikləşmə prosesindən, habelə respublikamızın beynəlxalq aləmə inteqrasiya xəttindən qətiyyən kənarda deyildir. Siyasi fəlsəfənin dəyişməz qanunauyğunluğu kimi, bu amillərin biri digərini şərtləndirir. Kitabda irəli sürülən elmi fikir və mülahizələr də məhz bu amillərin üzvi bağlılığı əsasında müəyyənləşmiş, demokratikləşmə və sosial-iqtisadi inkişaf vəhdət halında təhlil süzgəcindən keçirilmişdir.
Təqdirəlayiq məqam həm də bundan ibarətdir ki, tanınmış hüquqşünas alim İsaxan Vəliyev cəmiyyətin hüquqi cəhətdən yetkinləşməsini, ölkənin məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi ruhlu islahatların vətəndaşlara adekvat şəkildə çatdırılmasına çalışmışdır. Cəmiyyətin hüquqi maarifləndirilməsi prosesində yaxından iştirak edən tanınmış alim ayrı-ayrı məqalələrində Azərbaycanın qısa dövr ərzində keçdiyi demokratik inkişaf mərhələsinin mahiyyətini, ölkəmizdə liberal dəyərlərin təminatını sürətləndirən proseslərin inkişaf dinamikasını, iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsi olan modernləşmə xəttinin əsas xüsusiyyətlərini açıb göstərməyə çalışmışdır.
Kitabın "Ədalət və mərhəmət ünvanı” adlı VI fəslində müəllif Heydər Əliyev ideoloji-siyasi irsinin layiqli təbliğatçısı kimi tanınan, ötən illərdə xeyirxahlıq və mərhəmət ünvanına çevrilən Heydər Əliyev Fondunun millət və xalq naminə misilsiz xidmətlərindən söz açır. Qeyd olunur ki, Fondun milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti Azərbaycanda təhsilə, elmə, səhiyyəyə, idmana, mədəniyyətə, musiqiyə ictimai təsisat səviyyəsində yüksək qayğının uğurlu nümunəsi sayıla bilər.
Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qısa müddətdə həyata keçirdiyi böyük layihələrlə dövlətin təhsil, səhiyyə və mədəniyyət strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib planların gerçəkləşdirilməsinə öz töhfələrini vermişdir. Bu fəsildə Heydər Əliyev Fondunun Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki əzmkar fəaliyyəti təqdir olunmuşdur.
Nəhayət, "İntellektual gələcəyə doğru” adlandırılmış sonuncu VIII fəsildə bildirilir ki, elmə, yüksək təhsilə malik gənclik xalqın və dövlətin inkişafında layiqli yer tutan sosial təbəqə kimi intibah proseslərinin hərəkətverici qüvvəsi qismində çıxış edir. Ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinin bərpası prosesində canı, qanı ilə iştirak edən, sonrakı mərhələdə dövlətçiliyin möhkəmləndirilməsi prosesində öncüllüyü ilə seçilən Azərbaycan gəncliyi ötən dövrdə ictimai həyatın bütün sahələrində fəal mövqe tutmuş, cəmiyyət üçün son dərəcə faydalı təşəbbüslərlə çıxış etmişdir.
Bu fəsildə, həmçinin vurğulanır ki, bu gün ölkədə dövlətin gənclər siyasətinin uğurla reallaşdırılmasına, elmin, müasir biliklərin təbliği prosesinə aidiyyəti nazirlik və dövlət qurumları ilə yanaşı, 2014-cü ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da öz sanballı töhfələrini verməyə çalışır. Bilik Fondunun məqsədi yalnız cəmiyyətin maarifləndirilməsi deyil, eyni zamanda ictimai əhəmiyyətli elmi, sosial-fəlsəfi, kulturoloji tədqiqatların, araşdırmaların, habelə kreativ ruhlu gəncliyin dəstəklənməsidir. Ötən müddətdə Fond bu strateji məqsədlərin gerçəkləşdirilməsinə - gənclərin hərtərəfli inkişafına və özünü realizə etmələrinə yardımçı olan çoxsaylı layihələri uğurla həyata keçirmişdir.
İstənilən məlumatın internet şəbəkəsi ilə operativ yayılma və çatdırılma imkanlarının hüdudsuzluğu müasir dövrdə qəzet məqalələrinin, kitabların əhəmiyyətini, aktuallığını qətiyyən zəiflətmir. Ən azı bu səbəbdən ki, ilk baxışda adi məqalə təsiri bağışlayan hansısa yazının, müəllif düşüncələrinin illər keçdikdə tarixi dəyəri, ictimai əhəmiyyəti artır. Milli tariximizin obyektiv yazıya köçürülməsi, yaxud hansısa mühüm tarixi-siyasi hadisənin dəyərləndirilməsi zamanı qəzet və jurnallarda işıq üzü görmüş elmi, siyasi, iqtisadi məzmunlu məqalələrin müstəsna əhəmiyyəti qabarıq önə çıxır. Mübaliğəsiz demək olar ki, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin yüksək peşəkarlıq və məsuliyyətlə qələmə aldığı məqalələrin toplandığı kitab da Azərbaycanın çağdaş tarixinin tədqiqatçıları üçün sanballı mənbədir.
Bütün bunlar deməyə əsas verir ki, "Sabitlik və rifah naminə siyasət” adlı kitab respublikamızda elmi əsaslarla həyata keçirilən siyasi, sosial-iqtisadi və humanitar siyasətin nəzəri-praktik, fəlsəfi əsaslarının yaradılması istiqamətində uğurlu addımlardandır. Kitabda yer almış fikir və mülahizələr, habelə məzmunlu məqalələr çağdaş tariximizə sadəcə elmi baxış olmayıb, həm də ensiklopedik səciyyə daşıyır. Bu cəhətləri ilə yeni kitabın geniş oxucu auditoriyasında da böyük maraq doğuracağı şübhəsizdir.

Muxtar İMANOV,

akademik