29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampın praqmatik qərarı: Ordunu buna görə çıxartdı

20.12.2018

Suriyadakı mövcud vəziyyət bölgədə təmsil olunan, o cümlədən öz maraqları olan qüvvələrin niyyət və hədəflərini açıq şəkildə ortaya qoymuş oldu.
Bunu Trampın Suriya ilə bağlı qərarını şərh edən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, ABŞ uzun müddət idi ki, dünyanı əsas hədəfinin terrorla mübarizə olduğuna inandırmağa çalışırdı:
"Ancaq bəlli oldu ki, ABŞ və onun yaxın müttəfiqi İsrail terrorçulara kömək göstərirlər. ABŞ-ın qoşunlarını Suriyadan geri çəkməsinin iki səbəbi var. Birincisi, Vaşinqton anlayır ki, bölgədə yerləşdirdiyi 2 min hərbçisi təhdid altındadır. İkincisi, ABŞ artıq Yaxın Şərq siyasətini bəyan olunmuş standartdan kənarda qurmaq istəyir. Çünki Rusiya, xüsusilə də İran və Hizbullahın birgə fəaliyyəti nəticəsində Suriyadakı terror şəbəkəsinə çox təsirli zərbələr endirildi. Hətta hər keçən gün bölgədə maraqlı olan ölkələrin bilavasitə üz-üzə qalması ehtimalı artırdı. Yəni Suriya teatrında Rusiya-ABŞ, İran-ABŞ toqquşması demək olar ki, qaçılmaz idi. Pentaqon məsələyə soyuq yanaşsa da, Tramp ölkəsini yeni risklərdən sığortalamış oldu”.
Politoloq İsrail və Suriyanı təmsil edən müxalif qrupların Trampın məlum qərarından narahatlığına da aydınlıq gətirib:
"Görünür, artıq ABŞ-ın ali siyasi rəhbərliyi Suriya məsələsində daha dərinə getməyi vacib saymır. Çünki həm Əsəd mövqeyini saxladı, həm də digər ölkələrin Suriyadakı iştirakı terror şəbəkəsinin fəaliyyətini iflic etdi. İsrail, Səudiyyə, BƏƏ-nin qüvvələri terrorçuları tərk-silah ediblər. Hətta onlar artıq digər ölkələrə belə üz tutmağa başlayıblar. Ona görə də bu mübarizə bir növ mahiyyətini itirdi. Rusiya və bir neçə ölkə birgə səyləri nəticəsində rəsmən terrora qalib gəldi. Düzdür, ABŞ prezidenti də eyni mövqedən çıxış edir. Ancaq bu qələbədə əsas yükü kimin daşıdığına gəldikdə, bunu dəyərləndirmək daha çox tarixçilərin üzərinə düşür. Tramp anlayır ki, ABŞ qoşunlarının Suriyada qalması Vaşinqtonun nüfuzunu çox ciddi bir şəkildə zəiflədə bilərdi. O, artıq ikinci prezidentlik andiçməsinə hazırlaşdığını gizlətmir, buna görə də riskə getməyə meyilli deyil. Bu mənada Tramp çox praqmatik qərar verdi. ABŞ qoşunlarının Suriyadan çıxması uzun sürən böhranın və onun ətrafında fəaliyyət göstərən Astana prosesinin sonlanmasını tezləşdirəcək”.
Qeyd edək ki, Tramp bundan öncə Suriyadan ABŞ hərbçilərinin çıxarılması haqqında qərar qəbul edib.