29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Suriyadan çıxır: Ərdoğan zərbəyə hazırlaşır - Politoloq

20.12.2018

Suriya ABŞ Prezidenti Donald Tramp üçün artıq yük idi. Ona görə də qərar verdi ki, ABŞ qoşunları Suriyanı tərk etsin. Halbuki, son günlərə qədər Pentaqon Suriyadan çıxmayacağını bəyan edirdi. Görünür, amerikalı generallar Trampı inandıra bilmədi.
"Dövran Media" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ ordusunun Suriyadan çıxması barədə qərara münasibətində deyib. O bildirib ki, belə qərarın veriləcəyindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumatlı idi:
"Əks halda Ərdoğan, "Türkiyə ordusu Fəratın şərqinə növbəti hücuma başlayacaq” deməzdi. Çünki ABŞ hərbi birlikləri məhz Fəratın şərqindədir. Yəni Türkiyə ordusu hazırki şərtlər daxilində hücuma keçsəydi, NATO müttəfiqi ilə üz-üzə qalacaqdı”.
Politoloq ABŞ-ın bölgədə kürdlər üçün hər hansı təhlükəsizlik təminatı əldə etməyə çalışması fikrinə də münasibət bildirib:
"Bu təminatı PKK uzantıları olan YPG və PYD-yə kim verə bilər ki?!”
Politoloq bildirib ki, ABŞ-ın bölgədə boşalan yerini Türkiyə, Rusiya, ya da Bəşər Əsəd gücləri dolduracaq:
"Məlumdur ki, ABŞ-dan əvvəl YPG və PYD ilə Moskva təmaslara başlamışdı. Ərdoğan vaxtında vurulan təyyarəyə görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəməsəydi, bəlkə də bu gün Rusiya tamamilə PYD və YPG-nin arxasında idi. Ancaq ABŞ Rusiyanı qabaqladı. İndi Rusiya ABŞ-ın yerinə kürd qruplarla əlaqəyə girəcəkmi? Əgər bunu edərsə, Moskvanın Ankara ilə münasibətləri gərginləşdirmiş olacaq. Ona görə Kreml tələsik qərar verməyəcək”.
Politoloq radikal kürdlərin kiminlə əməkdaşlığa üstünlük verəcəklərinə də münasibət bildirib:
"ABŞ onları qoruyurdu, indi isə arxasızdırlar. Demək, kiminləsə müttəfiqliyə çalışmalıdırlar. PYD və YPG böyük ehtimalla Əsədlə razılaşmağa çalışacaq. Ancaq bunun özü də Ankaranı rahatlatmayacaq. Nə qədər ki PYD və YPG PKK-nın törəmələridir, Türkiyə onlardan əl çəkən deyil”.