09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans

21.02.2018

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda "Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, "Azərbaycan” qəzeti 1918-20-ci illər ərzində Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirib: "Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilmişdi”.
İnstitut direktoru deyib ki, "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda "Azərbaycan” qəzeti və qəzetin ilk redaktorları barədə geniş məqalələr yer alıb: "O il yoxdur ki, "Azərbaycan” qəzetindən bizim instituta azərbaycanlıların soyqırımı, İrəvanın, Naxçıvanın, Qarabağın tarixi, müxtəlif dövrlərdə erməni millətçilərinin xalqımızın başına açdıqları qanlı olaylar barədə yazılar hazırlamaq xahişi edilməsin. Bununla "Azərbaycan” qəzetinin timsalında Bəxtiyar Sadıqov tarixçiləri təkcə bu istiqamətdə yeni tədqiqatlar aparmağa səsləmir, eyni zamanda həmin tədqiqatlar nəticəsində tapılan faktların işıq üzü görməsinə şərait yaradır”.
Elmi konfransda Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "Azərbaycan” qəzeti müstəqilliyimizin atributu kimi” adlı məruzə ilə çıxış edib.
B. Sadıqov məruzəsində bildirib ki, müstəqil Azərbaycanın quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirən "Azərbaycan” Xalq Cümhuriyyəti zamanında çıxan "Azərbaycan”ın varisidir: "Azərbaycan” qəzeti ilk nömrəsindən Azərbaycan adının və azərbaycançılıq ideologiyasının geniş təbliği ilə məşğul olub və rəsmi dövlət qəzeti statusunu qazanıb. "Azərbaycan” bizim müstəqilliyimizin qeyri-rəsmi simvoludur. Qəzetin ilk redaktoru Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli olub. Qəzetin səhifələrində Üzeyir bəy Hacıbəylinin Azərbaycan tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, sənayesinə, maarif və mədəniyyətinə və s. aid 100-dən çox məqaləsi dərc olunub”.
Sonra tarixçi alimlər Natiq Məmmədzadənin "Azərbaycan” qəzeti Cümhuriyyət dövründəki ictimai-siyasi həyatın aynasıdır”, İradə Bağırovanın "Cümhuriyyət dövründə Azərbaycan mətbuatı” və Kamran İsmayılovun "Cümhuriyyət dövründə dövlət quruculuğu məsələləri "Azərbaycan” qəzetinin səhifələrində” adlı məruzələri dinlənilib.
Tarix İnstitutu "Azərbaycan” qəzetinin 100 illiyi münasibətilə institutun mühüm nəşrlərindən ibarət kitab sərgisi təşkil edib və sərgidəki nəşrləri qəzetin redaksiyasına hədiyyə edib.