27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pul siyasətinin əməliyyat çərçivəsində müəyyən dəyişikliklər edilib

17.07.2023



Pul siyasətinin transmissiyasında faiz kanalının rolunun yüksəldilməsi istiqamətində islahatlar davam etdirilir. Bununla bağlı pul siyasətinin əməliyyat çərçivəsində müəyyən dəyişikliklər edilib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, pul təklifinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və de-dollarlaşma meyillərinin dəstəklənməsi üçün məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxılması zərurəti yaranmışdır. Qeyd edək ki, öncədən planlaşdırıldığı kimi, likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyatların diferensiallaşması dərəcəsinin yüksəldilməsi bank sektorunda sistem risklərinə yol verməmək üçün tədricən həyata keçirilir. Bu məqsədlə aparılmış təhlillər göstərmişdir ki, məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradır. Təhlillərin nəticələri əsasında qərara alınmışdır ki, milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10 faiz və 12 faiz səviyyəsində müəyyən olunsun. Milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləği bir milyard manatdan, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləği yeddi yüz əlli milyon manat ekvivalentindən az olan banklar üzrə isə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 5 faiz və 6 faiz səviyyəsində saxlanılmışdır. Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində qalmışdır. Qərara alınmışdır ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılıb. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, məcburi ehtiyatların diferensiallaşma qaydasına və normalarına edilən son dəyişikliklər bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0,03-04 faiz intervalında artırıcı təsir göstərir.

Faiz dəhlizinin maliyyə sektorunda digər faizlərə təsirlərini gücləndirmək üçün sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin avqustun 15-dən ləğv edilməsinə qərar verilib. Xatırladaq ki, sterilizasiya yönümlü daimi imkanlar aləti üzrə günlük limit əsasən banklararası bazarda əməliyyatları aktivləşdirmək məqsədilə tətbiq edilirdi. Son aylarda banklararası bazarda fəallığın və bankların likvidlik mövqeyinin əhəmiyyətli dəyişməsi sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin ləğvinə şərait yaratmışdır. Bununla da daimi imkan aləti öz klassik funksiyasını yerinə yetirməyə başlayacaq ki, bu da banklararası pul bazarında faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmasına şərait yaratmalıdır.

Bu dəyişikliklər ortamüddətli dövrdə inflyasiya proseslərinin faizlər vasitəsilə daha effektiv idarə olunmasına xidmət edir.