02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin bu çağırışı ciddi məqamları özündə ehtiva edir - DEPUTAT

15.07.2023


Prezident İlham Əliyev bu ilin altı ayının yekunları ilə bağlı müşavirədə qətiyyətli mövqeyini bir daha ortaya qoydu

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı həyata keçirilmiş sosial-iqtisadi layihələr, islahatlar barədə məlumat verdi. Ölkə rəhbəri həmçinin gələcək dövr üçün planlardan danışdı və ümumilikdə baş vermiş hadisələrlə bağlı mövqeyini qətiyyətli şəkildə ortaya qoydu.
Prezident ilin əvvəlində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atıldığını və ilin sonuna qədər ölkəmizin uğurlu inkişafının təmin ediləcəyinə əminliyini ifadə etdi. "Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi", - deyən dövlət başçısı bütövlükdə son altı ay ərzində iqtisadiyyatımızın inkişaf etdiyini qeyd etdi.
İlham Əliyev Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisə ilə bağlı da qətiyyətli mövqeyini bildirdi. Ölkəmizin böyük hissəsinin artıq rəsmən "yaşıl enerji" zonası elan edildiyini xatırladan dövlət başçısı bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisəni tamamilə qəbuledilməz hesab etdi.
Müşavirədə Ermənistanla münasibətlər, sülh sazişi məsələsinə də toxunan ölkə rəhbəri bir daha vurğuladı ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır.
Prezident hesab edir ki, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər: "Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksəksəviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir".

İlham Əliyevin bu çağırışı kifayət qədər ciddi məqamları özündə ehtiva edir

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, Prezident İlham Əliyev müşavirədə bir sıra mühüm məsələlərə toxunub. Dövlət başçısı hər şeydən əvvəl Azərbaycanda sosial-iqtisadi inkişafda və bu istiqamətdə gözləntilərlə bağlı fikirlərini söyləyib. Diqqət yetirdiyi vacib məsələlər əsasən ondan ibarət oldu ki, Azərbaycanın müxtəlif sahələrdə inkişafı kifayət qədər dinamik gedir. Bu həm nəqliyyat logistika, həm enerji, həm də ümumi sosial-iqtisadi inkişaf sahələrini əhatə edir. Ölkə rəhbəri Azərbaycanın sürətlə artmaqda olan logistika imkanlarına da diqqəti cəlb etdi. "Azərbaycanın yük ötürücülük qabiliyyətinin ən ciddi tələblərə uyğun formalaşdırıldığını vurğuladı. Gələcəkdə Azərbaycanın bu istiqamətdə daha böyük imkanlara sahib olacağını qeyd etdi", - deyə deputat əlavə edib.
E.Mirbəşiroğlu bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dinamik tikinti və quruculuq işləri sürətlə aparılır, soydaşlarımız öz doğma yurdlarına qayıdırlar. Dövlət bu istiqamətdə sistemli şəkildə effektiv addımlar atır. Ölkə rəhbəri bu məsələyə də xüsusi diqqət yetirdi.
Söyüdlüdə baş verənlərlə bağlı dövlət başçısının sərt mövqe sərgilədiyini vurğulayan deputat hesab edir ki, Prezidentin xəbərdarlığı məmurların gələcəkdə öz işlərinə məsuliyyətlə yanaşmalarını şərtləndirmiş oldu. Ölkə rəhbəri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə də toxundu. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması istiqamətində hər zaman təşəbbüs göstərib, öz şərtlərini irəli sürüb. Prezident vurğuladı ki, Ermənistanın ötən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü tanıması müsbət haldır. Ermənistanın bu il isə anklavlarla bağlı mövqeyini də müsbət hal kimi qiymətləndirdi. Ermənistanın davranışları əksər hallarda imitasiya xarakteri daşıdığı üçün dövlət başçısı xüsusi vurğuladı ki, səsləndirilən mövqelərin artıq kağız üzərində öz əksini tapması vacibdir.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin son çağırışı kifayət qədər ciddi məqamları özündə ehtiva edir. Bu, həm də Ermənistanın bundan sonra imitasiyalarla məşğul olmamasına dəlalət edir.
Ümumiyyətlə, Prezident İlham Əliyev müşavirə çərçivəsində həm bugünkü vəziyyəti təsvir etdi, həm də gələcəyə münasibətini ifadə etdi.