03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Heydər Əliyev-100 __________Heydər Əliyev müasir Azərbaycanın hüquqi dövlətçiliyinin banisidir

13.07.2023


Müstəqil Azərbaycanın banisi, mayası xalq sevgisindən yoğrulan, Azərbaycan yolunda çəkdiyi əzab-əziyyəti sevgi ilə qarşılayan, dünyanı yürütdüyü siyasətlə özünə heyran qoyan dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Tanrının Azərbaycan xalqına bəxş etdiyi bu nadir şəxsiyyətlə öyünməyə, qürurlanmağa, fəxr etməyə haqqımız çatır. Çünki, Ümummilli Lider Azərbaycanın bir dövlət kimi dünyada tanınması, inkişafı, xalqının xoşbəxt-firəvan yaşaması üçün ömrünü qurban verib desək yanılmarıq. Dahi şəxsiyyətin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətli xidmət nümunəsi kimi dəyərləndirilir.

Ümumilikdə, bütün həyatını Azərvaycan xalqı qarşısında böyük xidmətlərə həsr edən Ulu Öndər Heydər Əliyevin ömür yoluna diqqət yetirəndə bir daha əmin oluruq ki, onun əziz xatirəsi xalqımızın yaddaşında əbədidir və heç vaxt unudulmayacaq.

Dünya təcrübəsi göstərir ki, hər bir dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına Ulu Öndərin qətiyyəti nəticəsində nail olmuşdur. Ümummilli Lider müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd edib, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirib.

30 il öncə - 1993-cü ildə Ulu Öndər Heydər Əliyev qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Bu, bir həqiqətdir ki, 1918-ci ildə yaradılan Ədliyyə Nazirliyinə sovetlər dövründə biganə münasibət göstərilmiş, məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmiş, bu qurum dəfələrlə ləğv edilmişdir. Nazirliyin səmərəli dövlət strukturu kimi təşəkkül tapması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi ilə ədliyyə sistemində də intibah başlanmış, Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa olunmuş, onun fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, milli kadr hazırlığına xüsusi diqqət yetirilmiş, bununla da ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranmışdır. Təsadüfi deyildir ki, nazirliyin yenidən təsis olunması ilə bağlı imzalanmış həmin qərarların surəti Ədliyyə tarixi muzeyində qiymətli eksponat kimi saxlanılır.
Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra bir çox sahələrdə olan tənəzzül dövrü yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan ədliyyəsinin inkişafında əsaslı dönüş mərhələsi başlandı. Ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra Ümummilli Liderin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edildi. Konstitusiyamızla Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyuldu, hüquq islahatlarının aparılmasına başlanıldı. Bununla əlaqədar yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək Ülu Öndər qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail oldu.

Azərbaycanda aparılan hüquq islahatları müasir hüquq və idarəetmə sisteminin qurulmasına və hüquqi münasibətlərin modernləşdirilməsinə yönəlmiş demokratik inkişafın ayrılmaz elementidir. Bu islahatlar Konstitusiya müddəalarını reallaşdıraraq, cəmiyyətin hüquqi əsaslarının və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində Azərbaycanda bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, məcəllələr qəbul edildi, yeni - 3 pilləli müstəqil məhkəmə sistemi yaradıldı, hakimlərin müstəqilliyinin real təmin edilməsi üçün zəruri tədbirlər görüldü, hüquq-mühafizə orqanlarının və vəkillik xidmətinin fəaliyyəti demokratik əsaslarla yenidən quruldu.

Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilib, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənib, cəmiyyətdəki rolu və əhəmiyyəti artıb, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılıb, yeni qurumlar yaradılıb, onların işinin təşkili üzrə zəruri tədbirlər görülüb.
Notariat və qeydiyyat orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda da əsaslı islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradılmış, Ailə Məcəlləsi, "Notariat haqında" Qanun və digər qanunvericlik aktları qəbul edilmişdir. Möhtərəm Heydər Əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı ilə qeydiyyat orqanlarının idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərar qəbul olunmuş, bu orqanların ikili tabeçiliyinə son qoyularaq, onlar Ədliyyə Nazirliyinin strukturuna daxil edilmişdir.

Məhz Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə ilk dəfə olaraq insan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təsis edilməsini gündəmə gətirmişdir. Nəticədə 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilmişdir. Ombudsman aparatı fəaliyyətə başladıqdan sonra Ədliyyə Nazirliyi tərəfindən həmin qurumla əlaqələr qurularaq səmərəli əməkdaşlıq yaradılmış, bu sahədə çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələri, "Notariat haqqında”, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, "Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” və digər qanunlar qəbul edildi.

Ümummilli Lideri Heydər Əliyev tərəfindən dövlətin cəza siyasətində də islahatlar həyata keçirilmiş, bir çox fərman və sərəncamlar imzalanmışdır. Dahi öndərin apardığı humanist siyasət nəticəsində Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmiş, 1995-ci ildən əvvəl unudulmuş əfv və amnistiya təsisatları bərpa edilmiş, 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmışdır. Həmin dövrdə istintaq təcridxanaları da Ədliyyə Nazirliyinin tərkibinə verilmişdir.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikamızın tarixində ilk dəfə olaraq 1999-cu ildə bələdiyyə seçkiləri keçirilmişdir. Yerli özünüidarə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsinə köməklik göstərilməsi məqsədilə Ümummilli Liderin Sərəncamı ilə Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmış, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi nazirliyə həvalə edilmişdir.

Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Azərbaycan ədliyyə işçilərinin peşə bayramını təsis etməklə Ümumilli Lider ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.

Bu gün ədliyyə fəaliyyətində müasir iş üslubları, ən qabaqcıl texnologiyalar tətbiq olunur. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2013-cü il ölkəmizdə "İnformasiya-Kommunikasiya Texnologiyaları İli" elan olunmuşdur. Ədliyyə Nazirliyi tərəfindən İKT-lərin tətbiqi daim diqqətdə saxlanılaraq, bu sahədə xeyli işlər görülmüş, o cümlədən vətəndaşlara keyfiyyətli və rahat xidmət göstərilməsi, inzibati işçilərlə təmasın minimuma endirilməsi məqsədilə elektron köşklər, habelə nəzarətin gücləndirilməsi üçün veb-kameralar quraşdırılmış, nazirliyin saytında xüsusi e-xidmətlər bölməsi yaradılmış, məhkəmə sisteminin vahid elektron portalı yaradılmışdır. Bütün bunlar dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsidir.

Hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş məhkəmə-hüquq islahatları ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və ədliyyə orqanlarının inkişafına yönəlib. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin başladığı hüquq islahatlarını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu istiqamətdə çox mütərəqqi qərarlar qəbul edir və dövlət başçısının reallaşdırdığı islahatlar çox uğurlu nəticələr verir.
Əminliklə söyləyə bilərik ki, Ulu Öndər Heydər Əliyev qüdrətli şəxsiyyət kimi yalnız Azərbaycanın və regionun tarixində iz qoymayıb. O, dünya miqyaslı tarixi şəxsiyyətdir. Heydər Əliyev kiçik Azərbaycanda həyata keçirtdiyi böyük işlərlə əslində qlobal dünyada mükəmməl bir nümunə yaratdı. Liderlik məktəbi, möhkəm bünövrəyə sahib hüquqi sistem formalaşdırdı.

Ulu Öndər xaosdan qurutuluşa, böhrandan yüksəlişə təhlükəsiz keçidin əsasını qoydu. Milli dövlətçiliyi yaratmaq və onu qorumaq örnəyini dünya ölkələri üçün uğurlu nümunə kimi təqdim etdi. Ümummilli Liderin hüquqi dövlət quruculuğu ənənələri, bu sahədəki islahatları, sabitlik yaratma üsulları yeni müstəqillik qazanmış ölkələr üçün sınaqdan uğurla çıxmış ən dəyərli "yol xəritəsi” idi.

Bir sözlə, Ulu Öndər tərəfindən başlanmış və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir. Ədliyyə işçiləri də Ulu Öndərimzin müəyyən etdiyi dövlətçilik amallarına, hörmətli Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi yeni yüksəliş strategiyasına sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə hər zaman yüksək əzmlə çalışırlar və bundan sonra da məharətlə çalışacaqlar.

Həmidov ZAUR,
Bakı Şəhəri 12 saylı Notariat Ofisinin hüquqşunası