30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib - FOTO

28.06.2023

İyunun 28-i və 29-u tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. 

Tədbirlər çərçivəsində ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 80-də qurbanlıq heyvanların kəsimi və satışı, 46-da yalnız satışı, 12-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə bu il ilk dəfə olaraq işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində heyvan kəsimi üçün çadırlar quraşdırılıb.

Kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar-həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda və eyni zamanda, Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. 

Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələrinin, habelə ticarət şəbəkələrinin ünvanlarını Agentliyin saytından (www.afsa.gov.az) əldə edə bilərlər.
Vətəndaşlardan xahiş olunur ki, Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, Agentliyin "1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.