04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tehranda Bakıya qarşı pankart: Polis niyə imkan verdi?

26.11.2018

Noyabrın 25-i Tehranın "Azadi” stadionunda Təbrizin "Traktor” futbol klubu ilə paytaxtın "Perspolis” komandası arasında keçirilən matç zamanı insident yaşanıb.
Oyundan öncə "Perspolis”in üç azarkeşi azərbaycanlı azarkeşlərə video-müraciət yollayaraq, bazar günü stadionda pantürklərin "Xəlic-i ərəbi” (Ərəb körfəzi) şüarlarına cavab olaraq "Artsaxe erməni” şüarı səsləndirəcəklərini bəyan ediblər. "Qarabağın düzgün adı budur: "Artsaxe erməni”, - onlar deyiblər.
Fanatlar İran çempionatının 13-cü həftəsində stadiona əllərində Qarabağın ermənicə qondarma adı yazılmış pankartla gəliblər. Bu da Otaylı-Butaylı Azərbaycanda böyük narazılıqla qarşılanıb.
Bundan əvvəl də dəfələrlə "Traktor”-"Perspolis” görüşü müxtəlif neqativ olaylarla yadda qalıb. Bu da əslində təsadüfi deyil. Çünki "Traktor Sazi” Cənubi Azərbaycanda yaşayan həmyerlilərimiz üçün bir futbol klubundan daha böyük məna kəsb edir. Hazırda bu klub İranda yaşayan Azərbaycan türklərinin milli kimlik mübarizəsinin simvollarından birinə çevrilib. 48 illik tarixi olan "Traktor Sazi” klubu gücünü türk nüfuzundan alır. "Traktor” dünyada ən çox azarkeşi olan türk klubudur.
1970-ci ildə yaradılmış bu klub adını Təbrizdə fəaliyyət göstərən traktorqayırma zavodundan götürüb. Komanda ilk vaxtlar sözügedən zavodda çalışan işçilərdən ibarət olub və sonradan peşəkar komanda kimi fəaliyyətini davam etdirib.
Tehranın "Perspolis” klubu isə adını Əhəmənilər dövlətinin paytaxtı kimi tarixə düşən, hazırda xaraba vəziyyətində olan Persopolis şəhərindən götürüb.
Əslində, milli-ideoloji baxımdan "Traktor Sazi”nin Kataloniya bölgəsinin milli duyğularının fenomeni hesab olunan "Barselona” klubu ilə oxşarlıq təşkil etdiyini söyləmək olar.
İspaniyada futbol hər zaman baskların və katalonların rejimə qarşı mübarizə tərzi olub:
İspaniya, Barselona
İran, Təbriz
İranda futbol stadionuna tamaşaçı toplamaq rekordu "Traktor”a məxsusdur: İran liqasında "Traktor”un Təbrizin "Səhənd” stadionunda Şirazın "Müqavimət Sipası” komandasına qarşı keçirdiyi oyuna stadionun tutumundan daha artıq azarkeş gəlib və bəzi mənbələrə görə, sayı 110-150 min arası olan bu azarkeşlər öz doğma komandalarına hətta ətrafdakı təpələrin üzərinə çıxaraq dəstək veriblər.
"Traktor” azarkeşləri stadionda türkçülük, azərbaycançılıq məfkurəsini, Qarabağ və Azərbaycanın ərazi bütövlüyü kimi ideyaları müdafiə etməklə yanaşı, həm də İranda qadın hüquqları, ekoloji problemlər və bu kimi digər ciddi məsələlərə də toxunur.
Urmiya gölünün qurumasına (Güneyli fəalların fikrincə, qəsdən qurudulmasına) qarşı 2010-cu ildən başlayan ardıcıl və kütləvi etirazların əsas aparıcı qüvvəsi "Traktor Sazi” klubunun azarkeşləri olub: 
Bazar günü "Azadi” stadionunda yaşanan insident İran İslam Respublikasının mövqeyini deyil, klub azarkeşləri arasında mövcud olan rəqabət və qarşıdurmanı əks etdirir. Lakin idmanın antropoloji perspektivləri haqda yazan dünya şöhrətli britaniyalı yazar Simon Kuperin də dediyi kimi, "futbol heç vaxt sadəcə futbol olmayıb”. Təcrübə göstərir ki, XIX əsrdən bu günə qədər futbol dünya sisteminin formalaşmasında mühüm rollardan birini oynayıb.
Odur ki, yaşanan insidentlərin iki dövlət və millət arasında konflikt yaratmasına, tərəflərin qarşıdurmasına gətirib çıxarmasına izn vermək olmaz.
İran polisi dəfələrlə "Traktor” azarkeşlərinin əlindən Azərbaycan Respublikasının Üçrəngli bayrağını alaraq, futbolu siyasiləşdirməməyi tələb edib. Eyni arqumentlə "Perspolis” fanatlarından da müstəqil Azərbaycan Respublikasına qarşı təxribat olan bu pankartı ala və beləliklə də ədalətli mövqeyi ilə həm öz vətəndaşları olan Güney azərbaycanlılarının, həm də Azərbaycan Respublikası vətəndaşlarının hörmətini qazana bilərdi.
İran polisi bunu etməməklə daxili çatın dərinləşməsinə öz "töhfə”sini verir – öz işidir, öz dövlətidir, özü bilər, ancaq Azərbaycan Respublikasına hörmət etmək onun borcudur. Azərbaycan Respublikasında keçirilən matçlarda bircə dəfə də olsun, İranın ərazi bütövlüyünə qarşı heç bir şüar səsləndirilməyib, pankart açılmayıb, İrana qarşı təxribata imkan verilməyib.
Bu səbəbdən Axar.az saytı məsələ ilə bağlı İran İslam Respublikasının ölkəmizdəki səfirliyinə rəsmi müraciət məktubu yollayaraq, insidentin yaşandığı stadion administrasiyasının cəzalandırılması və gələcək oyunlarda daha güclü tədbirlərin alınmasını xahiş edib.