06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dərmanların təqib və izləmə sistemi yaradılacaq, resept elektron formada tərtib ediləcək

20.06.2023

Dərman vasitələrinin təqib və izləmə sistemi (track and trace) yaradılacaq.

"DM" xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dərman vasitələrinin təqib və izləmə sistemi dərman vasitələrinin idxalı və dövriyyəsinə nəzarətin həyata keçirilməsini təmin edən, həmçinin onların istehsalı və reseptlə bağlı məlumatları ehtiva edən informasiya sistemidir.

Başqa sözlə, qanun layihəsində dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə (track and trace) sisteminin tətbiq edilməsi nəzərdə tutulub. Bu sistem istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaq. Həmçinin dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub.

Layihəyə əsasən, resept təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən dərman vasitəsinin istifadəsi üzrə klinik protokollar əsasında yazılan, elektron sənəd formasında tərtib edilən və pasiyentin istəyi ilə kağız daşıyıcıda ona təqdim edilməli olan tibbi sənəd olacaq.

Reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilir.

Klinik protokol həkim və ya feldşer tərəfindən hər hansı xəstəlik və ya xəstəlik əlamətləri zamanı tibbi yardım göstərilməsi ilə bağlı qərar qəbul edilməsində istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydalar toplusudur.