28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilir - YENİLƏNİB

14.06.2023

"Mən Xalq Cəbhəsinin qurucularından olmuşam. Heydər Əliyev həm də qoyduğu irslə müxalifətçilik anlayışını, dövlətçiliyə baxış bucağını dəyişdirdi”.

"DM" xəbər verir ki, bunu bu gün Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında deputat Fazil Mustafa bildirib.

Fazil Mustafa Heydər Əliyevi düzgün qiymətləndirə bilmədiklərini vurğulayıb: "Biz Heydər Əliyevin içində yaratdığı real Azərbaycanı görə bilmədik. Bizim içimizdəki Azərbaycan dünyadan təcrid olunmuş bir məkan idi. Moskva ilə münasibətləri ağıllı şəkildə çözmədən Azərbaycanın varlığı hər zaman təhlükə altında qala bilərdi. Biz duyğularımızın diqtəsi ilə Moskvadan qopmaq istəyirdik və bunun faciəli nəticəsini proqnozlaşdırmaq ağlımıza da gəlmirdi. Heydər Əliyev isə tədricən Moskva ilə təhlükəsizlik üzülüşmə yolunu düşünürdü. Zaman göstərdi ki, bu düşüncə Azərbaycanın müstəqilliyini daha çox maddiləşdirə bildi. Zaman böyük siyasət xadiminə qarşı iddialarımızın əsassız olduğunu da göstərdi. Heydər Əliyev dişi, dırnağı ilə Azərbaycanı sahilə sağ çıxardı. Ardınca Prezident İlham Əliyev Qəbələdən Rusiya qoşunlarını çıxardı, Qarabağ düyününü dəmir yumruqla çözdü”.

Deputat Qüdrət Həsənquliyev Heydər Əliyevin böyük dövlət xadimi və şəxsiyyət olduğunu vurğulayıb: "Xalq Cəbhəsinin rəhbərliyində başlayan intriqalar onu xalqın dəstəyindən məhrum etdi. Mürəkkəb tarixi şəraitdə hakimiyyətə gələn Əbülfəz Elçibəy qısa müddətdə anladı ki, təcrübəli, güclü dövlət xadiminə ehtiyac var və bu, Heydər Əliyevdir. Gəncədə başlayan qiyamın yatırılmasına ilk cəhd uğursuzluğa düçar olanda hakimiyyət təlaşa düşdü və Heydər Əliyevə üz tutdu. Heydər Əliyev Ermənistanın hücumunu dayandırmağa, Azərbaycanda sabitliyə nail oldu. Heydər Əliyev etnik separatizmin qarşısını aldı, ayrı-ayrı silahlı qruplara son qoydu. Heydər Əliyevə qarşı terror cəhdləri oldu, Allah onu qorudu və ölkəmizin inkişafına nail oldu. "Əsrin müqaviləsi”ni transmilli şirkətlərlə imzalamağa nail oldu. Yüksək insani keyfiyyətə malik Heydər Əliyev xalqımızın tarixini çox gözəl bilirdi. Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq”.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli deyib ki, 30 il əvvəl yalnız bir qrup deputat bu salonda Heydər Əliyevi müdafiə edib: "Bu gün isə deputatların vahid dövlətçilik mövqeyindən çıxış etməsi böyük uğurumuzdur. Heydər Əliyev Moskvadan Bakıya qayıdarkən Moskvadakından da təhlükəli təhdidlərlə üzləşdi, ona görə Naxçıvana getməli oldu. Xəyanətkar kommunistlər və cəbhəçilər vaxtilə bu zalda Heydər Əliyevin əleyhinə birləşmişdi. Halbuki həmin vaxt Azərbaycan üçün bir xilas anı olardı. O dövrdə bir çox postsovet ölkəsində təcrübəli siyasətçilər hakimiyyətə gəldi. Azərbaycanda isə Heydər Əliyev kimi dahi şəxsiyyətin hakimiyyətə gəlişinin qarşısı alındı və Azərbaycan sonralar daha böyük faciələrlə üzləşdi. Bir çox insanın da vurğuladığı kimi, əgər o dövrdə Heydər Əliyev hakimiyyətə gəlsəydi, nə Qarabağ işğal olunacaq, nə də bir çox faciələrlə üzləşəcəkdik. Heydər Əliyevin qayıdışı ilə Azərbaycanda əsl milli hakimiyyət quruldu”.

Deputat Vüqar İskəndərov deyib ki, Azərbaycan dövlətçiliyi Heydər Əliyevə borcludur. Heydər Əliyevin gənclər siyasətindən, o cümlədən idman sahəsində gördüyü işlərdən danışan deputat bugünkü Azərbaycanın Heydər Əliyevin görmək istədiyi Azərbaycan olduğunu vurğulayıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dünya dövlətləri sırasında öz mövqeyini möhkəməndirib”.

Parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Heydər Əliyev olmasydı, müstəqil Azərbaycan olmayacaqdı: "Heydər Əliyev xilaskar olaraq göndərilmişdi və xilaskarlıq missiyasını uğurla yerinə yetirdi”.

Deputat Sahib Alıyev bildirib ki, Heydər Əliyev müstəqil dövlət quruculuğuna 1993-cü ildən əvvəl, hələ sovet Azərbaycanına rəhbərlik edən zamandan başlayıb: "Heydər Əliyevin yolu ilə getməklə Prezident İlham Əliyev Qarabağı da qaytardı”.

Deputat Siyavuş Novruzov qeyd edib ki, Heydər Əliyevi bir çox dahi şəxsiyyətlərlə müqayisə edirlər, lakin bu, düzgün deyil: "Məsələn, Atatürkün 100 generalı vardı, Heydər Əliyev hakimiyyətə gələndə kimlər vardı? Vəzifə, çörək verdiyi insanlar Heydər Əliyev bu zalda danışanda reqlament deyib, ayaqlarını yerə döyürdülər. 6 dəfə Heydər Əliyevə və Prezident İlham Əliyevə qarşı dövlət çevrilişinə cəhd ediblər. İndi keçmiş hərəkat üzvləri də etiraf edirlər ki, zamanında düzgün etməyərək onu hakimiyyətə gətirməyiblər”.

Deputat Hikmət Babaoğlu Heydər Əliyevin müstəqil, qalib Azərbaycan dövlətinin qurucusu, memarı olduğunu vurğulayıb: "2020-ci ildə əldə etdiyimiz tarixi Zəfərdən sonra Heydər Əliyevin dahiliyini bir daha dərk edirik”.

Deputat Tahir Kərimli hesab edir ki, Heydər Əliyev Azərbaycan tarixini dəyişib: "Necə oldu ki, bir qarışqanı incitməyən mən də Heydər Əliyevə müxalif oldum? Onun ürəyinin tutmağında mənim günahım yoxdur? Mən demək istəyirəm ki, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, burada otursaydınız, yenə müxalifət olacaqdınız? 1988-ci ildə Xalq Hərəkatına Qarabağ şüarı ilə gəldik. Əli Kərimli, sən, mən Qarabağı ala, Laçında post qura bilərdik? Həqiqətləri etiraf edək. Əli Kərimli, Əbülfəz Elçibəyin evini dövlət təmir etdi, niyə təşəkkür etmədiniz? Vicdan əzabı çəkirəm ki, bu dövlətin qurucusuna qarşı aqressiv olmuşuq”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli qeyd edib ki, sovetlər dönəmində ilk dəfə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik bu millətin nümayəndəsinə - Heydər Əliyevə həvalə olunub: "Əsas qərarlar məhz Dövlət Təhlükəsizlik Komitəsinin divarları arxasında qəbul olunurdu. Bu, Azərbaycan tarixi üçün həlledici bir məqam oldu”.

Heydər Əliyevin sovetlər dönəmində və müstəqillik illərində Azərbaycan xalqına xidmətlərindən danışan Fəzail İbrahimli onun dünyadan bir nisgillə köçdüyünü söyləyib: "Ancaq bu gün Heydər Əliyevin ruhu şaddır, övladı, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Heydər Əliyevin Sovet Azərbaycanının rəhbərliyinə gətirilməsi tarixi hadisə idi: "Çünki o vaxta qədər Dövlət Təhlükəsizlik Komitəsindən respublikaların rəhbərliyinə gətirilən olmamışdı. O cümlədən Əbülfəz Elçibəyin də həyatında ən düzgün qərarı Heydər Əliyevi Bakıya dəvət etməsi oldu. Levon Ter-Petrosyan 30 il sonra etiraf etdi ki, Heydər Əliyev 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” ilə Qarabağ müharibəsini uddu”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Heydər Əliyevin təşəbbüsü nəticəsində ölkədə səhiyyə sahəsinin inkişafa nail olunduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, məhz Heydər Əliyevin təşəbbüsü ilə gənclərimiz təhsil almaq üçün SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilib və onlar sonradan Azərbaycanda səhiyyənin inkişafında mühüm rol oynayıblar.

Deputat Aqil Məmmədov 15 iyunda xalqın və Heydər Əliyevin birləşdiyini, tariximizdə yeni eranın açıldığını vurğulayıb: "Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev irsi tək bir xalqa deyil, bütün dünyaya xidmət edir. Məhz dahi Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilməsinə gətirib çıxarıb. Təklif edirəm ki, azad olunmuş ərazilərdə Murovdağın ən yüksək zirvəsinə Heydər Əliyevin adı verilsin”.

Parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib ki, Heydər Əliyev xalqı tarixin ən ağır sınağından çıxararaq Azərbaycanın tərəqqisinə nail olmuş dahi liderdir.

Digər deputatlar da çıxışlarında Heydər Əliyevlə bağlı fikirlərini bölüşüblər.

Sonda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Bəyanat qəbul edilib.


10:00
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb.

"DM" xəbər verir ki, iclas Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.