30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR

26.05.2023

Macarıstanın Prezidenti Katalin Novak Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"İcazə verin, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan vətəndaşlarını təbrik edim.

Azərbaycan Respublikası ilə əlaqələr Macarıstan üçün xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, şadam ki, Sizin bu ilin yanvar ayında ölkəmizə səfəriniz zamanı biz əlaqələrimizi genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik.

Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında əməkdaşlığın daha dinamik inkişafına sadiq qalır. Sentyabrda keçiriləcək beşinci Budapeşt Demoqrafik Zirvə toplantısına dəvətimə verdiyiniz cavaba və Azərbaycanın görüşdə yüksək səviyyədə təmsil olunacağını təsdiqlədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və məsul vəzifənizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram”.

16:48

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından Sizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram”.

Bundan başqa, Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza da dövlətimizin başçısına təbrik məktubu göndərib.

Məktubda deyilir :

"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram”.

İsveçrə Konfederasiyasının Prezidenti Alen Berse də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir :

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Man bu fürsətdən istifadə edərək, vətəndaşlarınıza və ölkənizə xoşbəxtlik və əmin-amanlıq dolu gələcək arzulayıram.

Əminəm ki, biz gələcək illərdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

16:41

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ölkələrimiz arasında münasibətlər dərin tarixi köklərə malikdir və qarşılıqlı etimada, hörmətə, səmərəli əməkdaşlığa əsaslanır. Əminəm ki, biz Kiyev və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığın mövcud potensialını birgə səylərlə maksimum dərəcədə həyata keçirə bilərik.

Bu il 100 illiyi qeyd olunan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir ki, müstəqillik yolu qədər çətin yol yoxdur. Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, ölkələrimiz bu yolda inamla irəliləyir. Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi dönəmində Azərbaycanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini də bir daha təsdiq edirəm.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, güclü və firavan Azərbaycanın inkişafı yolunda yeni nailiyyətlər, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram”.

14:40

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.
Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırıram”.


13;45

 Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, dost Azərbaycan Respublikasının xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

13:21

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə yunan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə inandığımı bildirirəm. Ümidvaram ki, Yunanıstan ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq geniş regionumuzun inkişafına və sabitliyinə töhfə verərək, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəkdir.

Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


12:12
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

"Sizə və Sizin simanızda dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsini və ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını görmək məni sevindirir.

Cənab Prezident, Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının sağlam və sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana tərəqqi, güc, qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram”.

11:14

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.
President.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident, 26 May – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir.

Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar var.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə Azərbaycan-Gürcüstan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da genişlənməsinə nail olacağıq.

Belə bir əlamətdar bayramda Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.