02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İqtisadi Əməkdaşlıq Təşkilatının səhiyyə nazirlərinin iclası keçirilib - FOTO

25.05.2023

Ümumdünya Səhiyyə Assambleyasının sessiyası çərçivəsində Azərbaycan səhiyyə nazirinin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının səhiyyə nazirlərinin iclası keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci iclası keçirilib.

İclas iştirakçılarını salamlayan Teymur Musayev ilk növbədə İƏT səhiyyə nazirlərinin 5-ci iclasının sədri seçildiyinə görə və baş katibə verdiyi bəyanata görə təşəkkürlərini bildirib. Azərbaycanın səhiyyə naziri vurğulayıb ki, budəfəki İƏT-in səhiyyə nazirlərinin görüşü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etdiyindən sonra ilk iclasıdır.

Bildirilib ki, Azərbaycan 1992-ci ildə İƏT-ə üzv seçilib və təşkilatın işində fəal iştirak edib. Belə ki, Bakıda 2010-cu ildə İƏT-in üzv ölkələrin səhiyyə nazirlərinin 1-ci Görüşü keçirilib. Bu il ölkəmiz İƏT-də sədrlik mandatından istifadə edərək təşkilatın üzv ölkələrini pandemiyadan sonrakı bərpa reallıqlarını müzakirə etməyə, bu mövzu ətrafında təcrübə mübadiləsinə və daha sıx əməkdaşlığa dəvət edib.

Teymur Musayev diqqətə çatdırıb ki, son 15 il ərzində Azərbaycan milli səhiyyəsinin və tibb elminin potensialının gücləndirilməsi istiqamətində konstruktiv işlər görülüb, müasir tibbi avadanlıqlarla təchiz edilmiş 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Səhiyyədə peşəkar tibbi kadr potensialının formlaşdırılması və inkişafında mühüm nailiyyətlər əldə edilib. 2011-ci ildən ali tibb təhsilinin ikinci pilləsi kimi rezidentura proqramı (ixtisaslaşma) birillik internatura proqramını əvəz edib. Ölkəmizin aparıcı ali tibb təhsil ocağı olan Azərbaycan Tibb Universitetinin tədris planı yenilənib, proqramlar beynəlxalq akkreditasiyadan keçib, yeni proqramlar yaradılıb.

Həmçinin nazir COVID-19 pandemiyasının yaratdığı çətinliklər və əldə olunan təcrübələr barədə məlumat verib. Qeyd edilib ki, pandemiyanın başlanğıcından qısa müddət ərzində Azərbaycan hökuməti tərəfindən COVID-19-la mübarizədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək üçün İşçi Qrup yaradılıb. Eyni zamanda ciddi və sərt təcrid tədbirləri tətbiq edilib, diaqnostik laboratoriyanın sayı əhəmiyyətli dərəcədə artırılıb, modul tipli xəstəxanalar istifadəyə verilib və digər zəruri addımlar atılıb. Həmçinin beynəlxalq müstəvidə Azərbaycan digər ölkələrə humanist addımlar atıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ianə edilib ki, onun 5 milyonu birbaşa İrana ayrılıb. Bundan əlavə, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri və digər ölkələrə 150 min doza peyvənd göndərilib. Eyni zamanda, başqa ölkələrdən, o cümlədən Çindən, Rusiyadan, Türkiyədən, Avropa İttifaqından humanitar yardım alınıb. Bu, hamımıza pandemiyanın öhdəsindən gəlməyə kömək edən beynəlxalq həmrəyliyin göstəricisi olub. "İndi pandemiyadan sonrakı bərpa haqqında düşünməyin vaxtıdır. Ümumi canlanma ölkələrimizin iqtisadiyyatının bərpası ilə birbaşa bağlıdır. Bu baxımdan, İƏT ölkələrinin əməkdaşlığının genişləndirilməsi olduqca önəmlidir”, - deyə nazir bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan hökumətinin müraciəti əsasında ÜST ekspertlər qrupu tərəfindən Beynəlxalq Səhiyyə Qaydalarına dair uğurlu Birgə Xarici Qiymətləndirmə aparılıb:

"Bu, ölkə səhiyyə sisteminin problemlərinin aşkar etməsinə və gələcək fövqəladə hallara hazırlığı təkmilləşdirilməsinə kömək edir”.
Azərbaycanda pandemiyadan sonrakı bərpa işlərində bəzi maneələrə toxunan nazir qeyd edib:

"2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələri dağılıb, torpaqlar çoxlu sayda mina və partlayıcılarla çirklənib. Təəssüf ki, indi Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən biridir”.

Azərbaycanın səhiyyə naziri iclasdakı çıxışına davam edib:

"COVID-19-la mübarizə təcrübəsi göstərdi ki, hazırlıq və cavab planları icmaların və özəl sektorun fəal iştirakı ilə dövlət və qeyri-hökumət orqanları arasında əlaqələndirilmiş əməkdaşlığı ehtiva etməlidir. Maliyyə və insan resurslarının səfərbər edilməsi mexanizminin olması da vacibdir. Beynəlxalq məsləhətçilik, ÜST kimi nüfuzlu beynəlxalq tərəflərlə əməkdaşlıq ən yaxşı təcrübələrə və yardıma çıxış əldə etmək üçün çox zəruridir. Qeyri-infeksion xəstəliklərin immunizasiyası və profilaktikası üzrə müntəzəm işlər səhiyyə sahəsində fövqəladə halların vətəndaşlarımızın rifahına mənfi təsirini azaltmağa kömək edir. Eyni zamanda, səhiyyə sistemlərinin gücləndirməsi, tibbi təhsil təsisatlarının müasir dövrün cağırışlarına əsasən, əməkdaşlığı, insan resurslarının davamlı peşəkar inkişafı, səhiyyədə texnoloji innovasiyaların tətbiqi iclasın prioritet məsələlərdəndir”.

Daha sonra İƏT üzv ölkələrinin səhiyyə nazirlərinin çıxışları dinlənilib.

Yekunda "Səhiyyə sahəsində Əməkdaşlığa dair 2016-2025-ci illər üçün Yenidən İşlənmiş Fəaliyyət Planı” təsdiqlənib.