26 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsraildəki səfirliyimiz Müstəqillik Günü münasibətilə ilk rəsmi tədbir təşkil edib

25.05.2023

Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyi tərəfindən bu ölkədə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib.

Səfirlikdən APA-ya bildirilib ki, tədbirdə İsrailin kəşfiyyat naziri Gila Qamliel, Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail parlamentində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak, Yisrael Beytenu partiyasının sədri Aviqdor Liberman, Knessetin digər üzvləri, Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, eyni zamanda, Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayev, İsrail Prezidentinin və Baş nazirinin ofisinin səlahiyyətli nümayəndələri, İsrail Xarici İşlər Nazirliyinin, habelə digər dövlət qurumlarının əməkdaşları, İsraildə akkreditə olunmuş səfirlər, şəhər merləri və vitse-merləri, universitet rektorları, aparıcı beyin mərkəzlərinin ekspertləri, media nümayəndələri, iş adamları, həmçinin İsraildəki Azərbaycan diasporunun nümayəndələri, İsrailin ictimai-siyasi xadimləri və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının və İsrail Dövlətinin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri ilk dəfə olaraq İsraildə Müstəqillik Günü ilə bağlı rəsmi tədbirin keçirildiyini diqqətə çatdırıb. Səfir ölkəmizin müstəqillik tarixi, habelə keçdiyi mübarizə yolu barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycan-İsrail münasibətlərinin strateji səviyyəyə çatdığını diqqətə çatdırıb.

Daha sonra İsrail Hökuməti adından çıxış edən kəşfiyyat naziri Gila Qamliel yeni fəaliyyətə başlamış Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş ilk Müstəqillik Günü tədbirində iştirakından şərəf duyduğunu ifadə edərək iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu vurğulayıb. O, cari ilin mart ayında Prezident İlham Əliyev ilə baş tutmuş görüşünü məmnunluqla xatırlayaraq hər iki ölkənin regionda və dünyada sülhün, stabilliyin təmini üçün birlikdə çalışdıqlarını ifadə edib. G.Qamliel iki ölkə arasındakı münasibətlərin inkişafında Azərbaycanda yaşayan yəhudi icmasının xüsusi rolu olduğunu vurğulayıb.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev isə 2023-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinin, habelə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. O, həmçinin tədbir iştirakçılarına İsrail Dövlətinin müstəqilliyinin 75 illiyi münasibətilə təbriklərini çatdırıb. Nazir müavini Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın davam və inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlığın daha inkişafı üçün böyük potensialın olduğunu bildirib.