29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kərim Vəliyev pakistanlı nazirlə birgə təlimləri və erməni təxribatlarını müzakirə edib - FOTO

25.05.2023

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin Federal müdafiə naziri Asif Muhammed Xavaca ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqları salamlayan Pakistanın müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Dövlətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə qarşılıqlı dəstək göstərdiyini qeyd edən nazir ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışların hərbi əməkdaşlığımızın möhkəmləndirilməsini zəruri etdiyini diqqətə çatdırıb.

A.M.Xavaca hər iki ölkə ordularının döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını A.M.Xavacaya çatdırıb.
Baş Qərargah rəisi Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.

General-polkovnik K.Vəliyev azad edilmiş ərazilərdə aparılan mühəndis və bərpa-quruculuq işləri, həmçinin Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar və bu təxribatlara qarşı görülən tədbirlər barədə Pakistanın müdafiə nazirinə ətraflı məlumat verib.
Tərəflər birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, Azərbaycan ilə Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.