03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misirdə Ulu Öndərin 100 illik yubileyi qeyd edilib

12.05.2023

Mayın 10-da Azərbaycanın Misirdəki səfirliyi tərəfindən bu ölkənin Qalyubiyyə vilayətində yerləşən Misir-Azərbaycan dostluq parkında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini anaraq, abidəsi önünə əklil qoyub, parkda yerləşən kitabxanada Ulu Öndərə və ölkəmizə həsr edilmiş materiallarla tanış olublar. Səfirlik tərəfindən kitabxanaya kompüter, proyektor və digər texniki avadanlıqlar hədiyyə edilib.

Tədbirin açılışında Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.

Səfir Elxan Poluxov çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyəti haqqında geniş məlumat verib, Ulu Öndərin mənalı ömür yolundan, dövlətçiliyimiz uğrunda mübarizəsindən söz açıb, onun Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli Lider və xalq məhəbbətini qazanan rəhbər kimi əbədilik qazandığını söyləyib. Azərbaycanın Misirlə əlaqələrinin inkişafında Heydər Əliyevin rolu, bu istiqamətdə atdığı addımlar sırasında onun 1994-cü ildə ilk Afrika qitəsinə səfərinin Misirə olduğunu deyən E.Poluxov ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib, Ulu Öndərin uzaqgörənliyinin iki xalqın birgə addımlar atmağa imkan verdiyini bildirib.

Qalyubiyyə vilayətinin qubernatoru Əbdülhəmid Əl-Hican Heydər Əliyev kimi dahi şəxsiyyətin abidəsini vilayətdə qoyulmasını qürur hissi ilə xatırladaraq, bunun yerli sakinlər üçün şərəf olduğunu vurğulayıb.

Misir Nümayəndələr Palatasının üzvü, Misir-Azərbaycan dostluq qrupunun rəhbəri şeyx Əli Cuma çıxışında Azərbaycan Ümummilli lideri Heydər Əliyevin Misirdə həmişə xoş xatirələrə yad edildiyini diqqətə çatdırıb, dünya siyasətində, həmçinin Islam aləmində Heydər Əliyevin xüsusi yeri olduğunu deyib.

Senatda Misir-Azərbaycan dostluq qrupunun başçısı Hani Salah Sirriddin Misir-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin rolundan söhbət açıb, ikitərəfli əlaqələrin bütün səviyyələrdə möhkəmləndirilməsində parlament əməkdaşlığının əhəmiyyətini vurğulayıb, dostluq qruplarının rolunun canlandırılmasını və son zamanlar həyata keçirilən rəsmi səfərləri yüksək qiymətləndirib.

Azərbaycanın Misirdəki icmasının rəhbəri S.Nəsibov dahi lider Heydər Əliyevin Azərbaycanı daim inamla irəliyə aparmağa nail olduğunu deyərək, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətlərinin və uzaqgörənliyinin dövlətçiliyimizi qorumağa, xalqımızı böyük bəlalardan xilas etməyə imkan verdiyini vurğulayıb.

Sonda parkda yerləşən kitabxananın yeniyetmələri mədəni və musiqi proqramı ilə çıxış ediblər.

Tədbir bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.