30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ“a görə ağlayan uşağa təsəlli VİDEO

26.04.2023


"Azərbaycan” qəzetində bərabər çalışdığım həmkarım Rizvan Cəfərov nəvəsi ilə "Sabah” - "Qarabağ” matçında yaşadığı olayı mənə nəql etdikdən sonra istərdim ki, bunu oxucularla bölüşüm.

Rizvan müəllimin dediyinə görə, bir müddət idi ki, nəvələri ondan "Qarabağ”ın oyununu stadiondan canlı izləmək arzusunda olduqlarını bildirirdilər.

Lakin heç cür buna vaxt tapa bilmirdi. Nəhayət, imkan yarandı və ağdamlıların "Sabah”la Masazırda keçirilən oyununa ailəlikcə yollanıblar. Həmin günü uşaqların sevincinin həddi-hüdudu yox idi.

Uşaqlar səbirsizliklə "Qarabağ”ın tezliklə qol vuracağını və çempionluq yolunda növbəti qələbə qazanacağını gözləyirdilər...

Lakin ağdamlılar yüz faizlik qol şanslarını qaçırdıqdan sonra ortancıl nəvəsi Rolanın əhvalının xeyli pisləşdiyini görüb. Nəvəsinə ürək-dirək verib ki, növbəti hücumda sevimli komandan hesabı açacaq.

Gözləmədikləri hadisə isə 72-ci dəqiqədə baş verib. Belə ki, "Sabah”ın hücumçusu Mikkels qol vuran an 6 yaşlı Rolan hönkür-hönkür ağlamağa başlayıb.

Onu nə qədər ovutdurmağa çalışsalar da, bir nəticə verməyib. "Gözlə, indi "Qarabağ” hesabı bərabərləşdirəcək” ümidi ilə onu sakitləşdirməyə çalışıblar.

Elə yenicə sakitləşmişdi ki, "Qarabağ” qapısında ikinci qolu görüb. Bundan sonra artıq uşağın göz yaşlarını saxlamaq mümkün olmayıb...

Rizvan Cəfərov deyir ki, həmin vaxt yadına Rolanın ən sevimli oyunçusu Abdulla Zubirlə şəkil çəkdirmək istədiyi düşüb:

"Əlacsız qalıb ona söz verdim ki, matç bitdikdən sonra səni aparacam Zubirlə şəkil çəkdirməyə.

Halbuki, məğlubiyyətdən sonra oyunçularla görüşəcəyimə heç özümün də ümidim yox idi. Oyun bitdi və biz mətbuat konfransı keçirilən otağa yaxınlaşdıq.

Nəvələrim isə içəri buraxılmadığından bayırda gözləyirdilər. Zubiri necə tapacağımı bilmirdim. Və bu an "möcüzə” baş verdi - "Qarabağ”ın məşqçilərindən biri Aydın Rüstəmovla görüşdük və ona düşdüyüm vəziyyəti izah etdim.

"5 dəqiqə gözləyin” deyən Aydın müəllim harasa yollandı və həqiqətən dediyi kimi, Zubirlə bizə yaxınlaşıb nəvələrimi dəhlizə çağırdılar.

Həmin an isə daha bir gözləmədiyim hadisə baş verdi. Belə ki, nə Zubirlə görüş, nə də ona matçda geydiyi formanı bağışlaması Rolanın əhval-ruhiyyəsində dəyişiklik yaratmadı..

."Mən bir daha "Qarabağ”ın oyunlarına gəlməyəcəm, çünki mən gəldim və onlar uduzdu, deməli bu mənə görə imiş” deyən nəvəmə həmin saat nə qədər izahat versəm də, "Qarabağ”ın hər bir halda çempion olacağını bildirsəm də, nəticə olmadı...

Dünən zəng etdim və əhval-ruhiyyəsi barədə maraqlandım. Dedi, baba, artıq fikrimi dəyişmişəm. "Zirə” ilə növbəti oyuna məni apar. Çünki zirəlilər 5-ci yerdədirlər. Yəqin ki, "Qarabağ” həmin oyunda qələbə qazanacaq...”

Göründüyü kimi, "Qarabağ” elə bir səviyyəyə ucalıb ki, bu gün komandanın Premyer liqada və Avropa miqyaslı yarışlarda nümayiş etdirdiyi oyununa görə futbolu sevən, onlardan daim qələbə gözləyən, Azərbaycan çempionatını diqqətlə izləyən minlərlə Rolan kimi azyaşlı azarkeşlər var. Bu uğurlara isə gərgin zəhmət, əzmlə çalışmaq nəticəsində nail olunub.

Elçin CƏFƏROV,
"Sportinfo TV”nin aparıcı-eksperti