04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azad edilmiş ərazilər hesabına qızıl və gümüş satışından ciddi gəlir qazanılacaq”

20.04.2023

Azərbaycanda qızıl və gümüşün istehsalı və satışı artmaqdadır. Xüsusilə bu ilin əvvəlindən indiyə qədər olan statistikaya nəzər saldıqda qızıl və gümüş istehsalında ciddi irəliləyişin olduğu nəzərə çarpır.

Ekspertlər isə bu artımı torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirirlər.

Bununla bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov düşünür ki, azad olunmuş ərazilərdə mədənlərin işlək vəziyyətə gətirilməsi yaxın üç ildə qızıl və gümüş istehsalına, o cümlədən ümumi mədən sənayesinə inkişaf vəd edir: 

"Hazırda Azərbaycanda ən çox diqqət edilən sahələrdən biri mədən sənayesidir. Qızıl və qiymətli metalların emalı sahəsinə də son dövrlərdə xüsusi diqqət ayrılır. Bu istiqamətdə mərkəzləşdirilmiş dövlət idarəetmə sisteminin formalaşdırılması, "AzerGold”un yaradılması və qiymətli metalların istifadəsi ilə bağlı beynəlxalq sazişlər hesabına görülən işlər mərhələli şəkildə öz töhfəsini verir. Artıq ilbəil "AzerGold”un hesabatlarından da göründüyü kimi, qızılın istehsalında və ixracında artım baş verir. Təbii ki, işğaldan azad edilən ərazilərdəki mədənlərin də işləməsi üçün addımlar atılır. Bildiyim qədəri ilə Zəngilan ərazisində artıq ilkin emal prosesinə də start verilib.

Ümumilikdə qeyd etməliyik ki, bugünkü ixracın artmasının əsas səbəbi əvvəlki dövrlərdə həyata keçirilən investisiya layihələrinin artıq öz bəhrəsini verməsi, müəssisələrin məhsuldar mərhələyə daxil olması ilə əlaqədar yaranmış situasiyadır. İşğaldan azad edilmiş ərazilərdə resursların istifadəsi ilə əlaqədar bu istiqamətdə töhfələr isə növbəti üç ildə daha aydın müşahidə ediləcək”.
Qızılın idxalına gəlincə isə iqtisadçı vurğulayıb ki, idxalın azalması daxili istehsalın artması ilə mümkünləşə bilər:

"Azərbaycan qızılı strateji ehtiyatlar aspekti xaric, yalnız qiymətli zinət əşyası kimi idxal edir. İxrac prosesində isə daha çox xammal kimi digər ölkələrə, xüsusilə İsveçrə kimi xarici bazarlara qızılımız çıxarılır”.

Qeyd edək ki, "AzerGold” QSC-nin açıqladığı statistikaya əsasən, müəssisə bu ilin I rübündə beynəlxalq və yerli bazarlarda 8,3 min unsiya qızıl, 33,5 min unsiya gümüş satıb. Satışın hesabına ümumilikdə 27,9 milyon manat vəsait əldə edilib. I rübdə təkcə ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb edilən vəsait 24,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% artım deməkdir.