29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vüqar İskəndərov: Fransa Ermənistanı təxribatlara təhrik edir

13.04.2023

Ermənistan həmişəki kimi "ənənəsi”nə sadiq qalır.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov deyib ki, Baş nazir Nikol Paşinyan və komandası bir tərəfdən guya sülh tərəfdarı olduğunu bəyan edir, digər tərəfdən isə bu cür çirkin addımlara əl atır: "Yəni açıq-aydın görünür ki, bu təxribat danışıqlar prosesində müəyyən pozitiv meyllərin olduğu, hətta gündəlikdə tərəflərin danışıqları davam etdirmək üçün Vaşinqtona dəvət olunacağı məsələsi olduğu bir dövrdə baş verdi. Bu, onu göstərir ki, Ermənistan həmişəki kimi problemin aradan qaldırılmasında deyil, onun daha da dərinləşməsində maraqlıdır”.

Deputat qeyd edib ki, bu, Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş növbəti təxribatıdır: "Strateji əhəmiyyət kəsb etməyən obyektdə korpus komandirinin olması aydın şəkildə göstərdi ki, təxribat Ermənistanın hərbi rəhbərliyinin bilavasitə nəzarətində olub. Onu da deyim ki, Ermənistanın özünə bəraət qazandırmaq məqsədilə verdiyi açıqlamalar ziddiyyətli oldu. Bu, onların az-çox anlaşıqlı cavab hazırlamaq axtarışında olduqlarını, həmçinin gözlənilməz nəticələrin çaşqınlıq yaratdığını, nəticə etibarilə planlarının tam pozulduğunu göstərdi”.

Deputat deyib ki, Ermənistan bu təxribatı həm də digər bir məqsədlə də törədib: "Diqqət çəkən digər bir məqam Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatıdır. Bu insident bilavasitə Ermənistan təxribatının nəticəsi olduğu halda, Fransa Azərbaycana ünvanlanmış mesaj göndərir. Bəlli olur ki, Fransa Ermənistanı bu kimi təxribatlara təhrik edir. Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən Fransa ATƏT MQ həmsədri olduğu onilliklər ərzində bir dəfə də Azərbaycanın ərazi bütövlüyü haqda heç vaxt bəyanat verməyib. Ermənistan Aİ missiyasının ölkədə olduğuna güvənərək ümid edirdi ki, bu həmlə ilə Azərbaycanı günahkar qismində göstərmək mümkün olacaq. Ancaq istəyinə nail ola bilmədi və indi təxribatına izahat vermək məcburiyyətindədir. Bir sözlə, bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Deputat əlavə edib ki, bu cür addımlar Ermənistana heç də yaxşı gələcək vəd etmir: "Ermənistan hakimiyyəti başa müxtəlif xarici qüvvələrin təhriki və dəstəyini əldə edib öz məqsədlərini gerçəkləşdirəcəyinə ümid edir. Lakin yanılır. Azərbaycan Ordusu hər cür təxribatların qarşısını almağa və lazımi şəkildə cavab verməyə qadirdir və bunu edir. Ona görə də Ermənistan rəhbərliyi ardıcıl təxribatlar yolunu davam etdirməkdənsə, mövcud reallıqlarla barışıb sülh müqaviləsi üzərində işləri davam etdirsə, həm Ermənistan dövləti, həm də erməni xalqı üçün daha yaxşı olar”.