29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın protokolu imzalanıb

07.04.2023

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının protokolu imzalanıb.

"DM" xəbər verir ki, iclasın protokoluna əsasən, Azərbaycan və Qazaxıstan, 2005 və 2022-ci illərdə strateji tərəfdaşlıq barədə imzalanmış bəyannamələrə uyğun olaraq, bir-birini suverenliyini, hər iki ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bildiriblər.

Ölkələrimiz arasında media sahəsində əməkdaşlıq haqqında razılaşma protokolda əksini tapıb. Belə ki, Qazaxıstan tərəfi "Heydər Əliyev ili” barədə informasiyanın ölkə ərazisində işıqlandırılmasına köməklik göstərməyə hazırdır.

Tərəflər həmçinin Qazaxıstan televiziya kanallarının Azərbaycan kabel operatorlarının şəbəkələrində yayımı məsələsinin müzakirəsi barədə razılığa gəliblər.

Ölkələr saxta məlumatları müəyyən etmək və onlara qarşı mübarizə aparmaq üçün birgə fəaliyyət göstərəcək.

Azərbaycan və Qazaxıstan hökumətləri kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Qeyd olunub ki, hər iki ölkənin elmi-tədqiqat institutları, o cümlədən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təhsil müəssisələri arasında əməkdaşlığın qurulması və birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün addımlar atılacaq.

Kənd təsərrüfatı məhsullarının ixracının artırılması üçün qarşılıqlı fəaliyyət planı işlənib hazırlanacaq və həyata keçiriləcək.

Tərəflər qida təhlükəsizliyi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq, ölkələr arasında heyvan xəstəliklərindən azad zonanın yaradılması üzrə təcrübə mübadiləsi aparılacaq.

Protokolda həmçinin qeyd olunub ki, Azərbaycanla Qazaxıstan arasında əmək, məşğulluq, əhalinin sosial müdafiəsi və miqrasiya sahəsində əməkdaşlıq haqqında razılığa gəlinib. Ölkələr, tərəflərin qanunvericiliyinə uyğun olaraq, işçi miqrantların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Hər iki ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri arasında Sazişin həyata keçirilməsi məqsədilə 2023-2025-ci illər üçün Tədbirlər Planının hazırlanması üzrə müvafiq işlərin görülməsi barədə razılıq əldə olunub.

Səhiyyə sahəsində əməkdaşlıq da imzalanmış protokolda yer alıb. Tərəflər səhiyyə sahəsində təhsil müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi barədə razılığa gəliblər. Qazaxıstan və Azərbaycanın Səhiyyə Nazirlikləri səhiyyə sahəsində elmi-praktik konfrans, forum, seminar və sərgilərdə qarşılıqlı iştirak haqqında razılıq əldə ediblər.

Qazaxıstanla Azərbaycanın elm və təhsil sahəsində əməkdaşlıq haqqında razılığa gəlməsi protokolda diqqət çəkən məqamlardan biri olub. Qazaxıstan və Azərbaycanın Elm və Təhsil Nazirlikləri arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi haqqında layihənin razılaşdırılmasını sürətləndirmək barədə razılığa gəlinib.

Ölkələrmiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi üçün bir sıra addımların atılması barədə razılıq əldə olunub. Tərəflər hər iki ölkədə mədəniyyət və yaradıcılıq sahəsi, mədəni irslə bağlı beynəlxalq tədbirlər (forum, simpozium, festival, sərgi, konfrans və s.) haqqında məlumat mübadiləsi aparmaq, qarşılıqlı iştirak imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Tərəflər, mədəni tədbirlər sırasında, həmçinin hər iki ölkədə mədəniyyət günlərinin təşkili barədə razılığa gəliblər.

Turizm sahəsində əməkdaşlıq da ölkələrarası münasibətlərdə özünəməxsus yer tutur və bu səbəbdən tərəflər turizm əlaqələrinin genişləndirilməsi barədə razılığa gəliblər. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Qazaxıstanda turizm sahəsinin aparıcı nümayəndələri üçün tanışlıq səfərinin təşkili, ölkələrimiz arasında turizmin inkişafı üçün media səfərlərinin təşkil edilməsinə mümkün dəstəyin təmin edilməsi, Azərbaycan və Qazaxıstanın turizm potensialının təşviqinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi də protokolda yer alıb.

Ölkələrimizin diasporlarla iş sahəsində əməkdaşlıq barədə razılıq əldə etməsi protokola daxil edilib. Tərəflər diasporla iş sahəsində əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər. Qazaxıstan və Azərbaycan xalqlarının tarixi şəxsiyyətləri, əlamətdar günləri ilə bağlı tərəfdaş strukturlarla birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər arasında qanunvericilik bazasının inkişafı etdirilməsi üçün qarşılıqlı fəaliyyətin koordinasiya edilməsi haqqında razılıq əldə olunub.

Protokolda qeyd olunub ki, tərəflər arasında ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində iş aparılır və faydalı qarşılıqlı əlaqələrin daha da inkişafına töhfə verəcək sənədlərin razılaşdırılması davam etdirilir. Ölkələr arasında sənədlərin razılaşdırılmasının müxtəlif mərhələlərində saziş layihələri üzrə dövlətdaxili prosedurlara baxılmasını və başa çatdırılmasını sürətləndirmək, habelə ikitərəfli münasibətlərin hüquqi bazasının inventarlaşdırılması üzrə məsləhətləşmələrin keçirilməsi təcrübəsini davam etdirmək barədə razılıq protokolda əksini tapıb.