27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Agentlik: Abşeron yarımadası və cənubdakı sürüşmə zonalarında aktivlik müşahidə edilir

06.04.2023

Abşeron yarımadasında 6 əsas sürüşmə sahəsi (Bayıl yamacı, Badamdar, Nübar, Masazır yaşayış massivi, Qaraçur, Günəşli və Zığ 1) mövcuddur ki, bu sahələrdən hələlik Bayıl yamacı stabil vəziyyətdədir.

Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, Nübar, Masazır massivində, Günəşli (Badi-kübə), Zığ 1 sahəsində sürüşmə ilə bağlı vəziyyət nisbətən neqativ istiqamətdə dəyişib:

"Buna real geoloji və antropogen faktorlar təsir edir. Lakin təbii ki, son müddət ərzində mövsümi xarakterli intensiv atmosfer çöküntülərinin düşməsi buradakı proseslərdə aktivləşmə yaradıb. Badamdarda nisbi-stabil vəziyyətdir. Qoruyucu tədbirlər icra edilərsə, təbii ki, sürüşmə proseslərinin uzunmüddətli qarşısının alınması mümkündür. Badamdar yaylası ilə bağlı ciddi şəkildə bərpa-təmir və qoruyucu tədbirlər üzrə konstruktiv elementlər intensiv şəkildə qurulmaqdadır”.

Əli Əliyev bildirib ki, həmçinin Günəşli massivi və Zığ 1 sürüşmə sahəsində görülə bilən dəyişikliklər müşahidə edilib:

"Qeyd edim ki, xüsusilə Günəşli massivində aktivlik mövcud tektonik pozulma zonası boyu intensiv olaraq həm geoloji proseslərin getməsi, həm də təbii atmosfer çöküntülərinin düşməsi ilə bağlıdır. Artıq həmin sürüşmə sahəsində bir neçə evlə bağlı bizə müraciətlər də daxil olub.

2023-cü ilin ilk 3 ayını təhlil edəsi olsaq, 47 müraciət var ki, bunların əsas hissəsi Zığ 1 və Günəşli massivi ilə bağlıdır. Bu müraciətlərdə 20 lokal sahədə sürüşmə, 27 lokal sahədə isə çökmə prosesləri qeydə alınıb. Hər iki xarakterli proseslər həmin ərazilərdə aktivləşmənin göstəricisi sayıla bilər”.

O deyib ki, Masazır və Nübar massivlərində də vəziyyət nisbətən aktivləşməyə yönəlmiş istiqamətdədir:

"Burada xüsusilə yamac hissələrdə kiçik çatların yaranması müşahidə edilib. Buna səbəb də təbii geoloji proseslərlə yanaşı texnogen faktorlar və intensiv atmosfer çöküntüləridir. Nəzərə alsaq ki, yaz mövsümü başlayır və bundan sonra da bir-iki ay intensiv atmosfer çöküntülərinin düşmə ehtimalı var, deməli, həmin ərazilərdə bizim müşahidə etdiyimiz dinamik intensiv sahələrdə bu proseslərin aktivləşməsi mümkündür”.

Əli Əliyev bildirib ki, bu gün davamlı monitorinq icra etməklə real vəziyyəti və sürüşmə dinamikasındakı trendi izləmək üzrə fəaliyyətlərini davam etdirirlər:

"Biz operativ monitorinqləri davamlı həyata keçiririk və ciddi təhlükəli amil yaranarsa, müvafiq dövlət və icra orqanlarını məlumatlandırırıq. Eyni zamanda fərdi müraciətləri də araşdırır və cavablandırırıq. Bəzən biz özümüz də təhlükəli saydığımız yaşayış binası ilə bağlı operativ qərar verilməsi üçün təklif verə bilirik”.

Ümumilkdə ölkə ərazisindəki vəziyyətlə bağlı sədr qeyd edib ki, əsasən cənub bölgəsi, Lerik rayonunun Hamarat və Lərmərud kəndlərində, Lənkəran-Lerik avtomobil yolunun 15-17, 45-50-ci kilometrlərində, Astara rayonunun Toradi kəndi ərazisində lokal aktiv sürüşmə sahələri müşahidə olunur:

"Bu ərazilər də monitorinqə cəlb olunublar və nəzarətimizdədir. Lerikin Hamarat və Lərmərud kəndlərində daha ciddi problemlər qeydə alınıb. Bura yağışlı və atmosfer çöküntülərinin intensiv düşdüyü bir regiondur. Biz bu ərazilər üzrə davamlı monitorinq aparır və hər bir rayon üzrə icra hakimiyyəti orqanlarını davamlı məlumatlandırırıq”.