28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Tərtər işi” üzrə təqsirləndirilən dörd nəfərin məhkəməsi başlayıb

14.03.2023

"Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"DM" xəbər verir ki, proses Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

İş üzrə dövlət ittihamını isə Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Orxan Səmədov müdafiə edir.

Hazırlıq iclasında iş üzrə zərərçəkmiş qismində tanınmış 192 nəfərdən 17-si bugünkü iclasda iştirak edib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah olunub.

Daha sonra tərəflər vəsatətlərlə çıxış ediblər. İlk olaraq zərərçəkmişlər Emil Orucov və Rəfail Emçiyev vəsatətlərini elan ediblər. Vəsatətlərdən biri təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların ağırlaşdırılması ilə bağlıdır. Zərərçəkmişlərin dediyinə görə, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əməlləri ilə müqayisədə çox yumşaqdır. Bu məsələyə yenidən baxılmalı əlavə ittihamlar elan olunmalıdır.

Emil Orucov tərəfindən qaldırılmış digər vəsatət isə sabiq korpus komandiri, general-mayor Hikmət Həsənov, hazırkı korpus komandiri, general-leytenant Mais Bərxudarov, həmin vaxt korpus komandirinin müavinləri olmuş hərbçilərin və digər yüksək rütbəli şəxslərin cinayət məsuliyyətindən kənar qalmaları ilə bağlı olub. Zərərçəkmiş hesab edir ki, sözügedən şəxslər məhkəmədə dindirilməli, onlarla üzləşdirilməlidir.

Təqsirləndirilən şəxslərin vəkilləri isə məhkəmənin qapalı keçirilməsini, müvəkkilləri barəsində seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər.

Vəkillərin qaldırdığı vəsatətlərə dövlət ittihamçısı ilə zərərçəkmiş şəxslərin münasibəti eyni olub.

Prokuror deyib ki, istintaq zamanı bütün hallar açıq-aşkar medianın gözü qarşısında olub, cinayət işində hər hansı xüsusi sirr hesab olunan hallar da yoxdur. Bu əsasla proses ictimaiyyətin gözü qarşısında açıq keçirilməlidir.

Təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətin də rədd olunması istənilib.

Prokuror zərərçəkmiş şəxslər tərəfindən qaldırılmış vəsatətlərə münasibət bildirərkən deyib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların ağırlaşdırılması ilə bağlı iddia olunan hallar iş materiallarına əlavə olunaraq araşdırılmalıdır.

Cinayətdə iştirak edən başqa şəxslərin məsuliyyətdən kənarda qalmasına gəlincə prokuror bildirib ki, hazırda iş üzrə istintaq davam edir: "Bu günə kimi cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən əlavə iş üzrə istintaq davam edir. Başqa şəxslər də günahkardırsa, cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması və prosesin qapalı keçirilməsi ilə bağlı vəsatətlər məhkəmə tərəfindən rədd olunub.

İttihamların ağırlaşdırılması və yüksək rütbəli şəxslərin dindirilməsi ilə bağlı vəsatətlər isə bu mərhələdə baxılmamış saxlanılıb.

Məhkəmənin baxış iclası martın 28-ə təyin olunub.