09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

30 oktyabrda doğulanlar - Əli Əmirli

30.10.2018

 Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 
Ağdam şəhərində 1 saylı orta məktəbi bitirəndən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləmiş, eyni zamanda BDU-nun fılologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır (1967-1972). Bu dövrdə zavodun çoxtirajlı "Elektrik" qəzetində kiçik oçerk və hekayələrlə çıxış etmişdir. "Qızıl Şərq" mətbəəsində korrektor işləmişdir (1969-1971). "Azərbaycan" jurnalında (1971, N 8) çıxan "İrs", "Görüş", "Qağayı" adlı hekayələri ilə ədəbi aləmdə diqqəti cəlb etmişdir. "Meydan" romanı "Azərbaycan" jurnalında (1992, N 1-2, 3-4) dərc olunmuşdur. Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda ədəbi işçi olmuş (1971-1973), bir il əsgəri xidmətdən sonra həmin institutda redaksiya-nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır (1975-ci ildən). Onun "Ərizə", "Meydan", "Cəza", "Bala, bəla sözündəndir?", "Ağqoyunlular və qaraqoyunlular", "Onun iki qabırğası", "Yeddi məhbusə", "İtkin ər", "Səhnədə məhəbbət", "Varlı qadın", "Mesenat" və sairə pyesləri 1990-2003-cü illərdə Bakı teatr səhnələrində tamaşaya qoyulmuşdur. Hekayə, povest və romanlardan ibarət 7 kitabın müəllifidir. 2006-cı ildə "15 pyes" adlı kitabı nəşr edilib. 2000-ci ildə ədəbi uğurlarına görə "Humay İlahəsi" mükafatına layiq görülüb və 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Əli Əmirli 1971–ci ildən ədəbi yaradıcılıqla məşğul olur. Bu illər ərzində onun onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc edilmişdir. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Sonalar gölü", "Bir il", "Ərizə", "Tapança", "Ölü doğan şəhər" kimi roman və povestlərin və iyirmidən yuxarı hekayənin müəllifidir. 1990-cı ildən başlayaraq dramaturji yaradıcılıqla məşğuldur. Pyesləri Azərbaycanın əksər teatrlarında, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Dövlət Musiqili Komediya Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Gənclər Teatrında, habelə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Qazax, İrəvan, Mingəçevir, Qusar dövlət teatrlarında tamaşaya qoyulmuşdur. "Onun iki qabırğası" komediyası Tbilisidə, "Varlı qadın" pyesi isə Tacikistanda V.Mayakovski adına Dövlət Rus Dram Teatrında (rus dilində) və Vohidov adına Tacikstan Dövlət Gənclər Teatrında tacik dilində tamaşaya hazırlanmışdır. Vohidov teatrının tacik dilində hazırlanmış tamaşası Almaatada keçirilmiş Yaxın Şərq ölkələrinin ll Beynəlxalq Teatr festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülmüşdür. Elə həmin festivalda digər teatrların diqqətini cəlb edən "Varlı qadın" 2009-cu ildə Qırğızıstanın paytaxtında A.Umuraliyev adına Bişkek şəhər dram teatrında rus və qırğız dillərində tamaşaya qoyulmuşdur. Həmin əsər üzərində Qazaxıstanın yeni paytaxtı Astanada M.Qorki adına Rus Dövlət Dram Teatrında tamaşa hazırlanır. Dramaturqun əsərləri rus, türk, tacik, qazax, qırğız və sair dillərə tərcümə olunmuşdur. 1993-cü ildə yazdığı "Bala bəla sözündəndir?" komediyası əsasında çəkilmiş "Bala – başabəla" televiziya tamaşası (1995-ci il) Azərbaycan televiziyası (AzTV) və ölkənin digər televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş və böyük populyarlıq qazanmışdır.
1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1999-cu ildən pedaqoji fəaliyyətlə də məşğuldur. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq" kafedrasının dosentidir.