29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” keçirilib - FOTO

06.12.2022

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "ASAN Xidmət” və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 1-9 dekabr tarixlərində həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində "Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” baş tutub.

Bakı Konqres Mərkəzində 5 dekabr tarixində keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə başlayıb. Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.
5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi Forumda gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Yusif Vəliyev tədbir iştirakçılarına AKTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hər zaman olduğu kimi 2022-ci ildə də ölkə başçısı İlham Əliyevin könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqları əsas götürülərək həyata keçirilən fəaliyyətlərdə 500-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Bu fəaliyyətlər ölkənin 65 şəhər və rayonunu əhatə edib.

AKTİ sədri bu ilin həmçinin dövlət başçısının tövsiyəsi ilə "Qayıdış Könüllüləri” proqramının başlanması ilə yadda qaldığını və artıq Şuşa və Ağdam könüllüləri qruplarının formalaşdığını vurğulayaraq, bu gündən etibarən "Zəngilan könüllüləri” qrupunun yaradılmasına başlanıldığını elan edib.

Daha sonra, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar və "Azərbaycan Könüllüləri 2022-ci ildə” adlı hesabat jurnalı təqdim olunub.

Tədbir çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər "İlin Könüllüsü” mükafatı ilə təltif olunub. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən tədbirin yekununda Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Tədbir, BMT Könüllüləri proqramının rəhbəri – Toily Kurbanovun videomüraciəti ilə davam edib. Daha sonra isə Azərbaycan Könüllülərinin "TEDx” formatında çıxışları və "ASAN könüllüləri”nin təqdimatında İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan” pyesinin motivləri əsasında hazırlanmış "Xan qızı Xurşidbanu Natəvan” tamaşası baş tutub.

Qeyd edək ki, "Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində təşkil edilən bütün fəaliyyətlərlə Azərbaycan Könüllü Təşkilatları İttifaqının internet səhifəsi (https://heftemiz.konullu.az/) və ya sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.