03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Amreyev: Bakı Sammiti vahid Türk Dünyası yolunda ilk həlledici addım kimi yadda qalıb

10.11.2022

"Son illər türkdilli dövlətlərinin əməkdaşlığı yeni geosiyasi reallıq kimi, vahid Türk Dünyasının yaranmasına səbəb olub. Tarixi qardaşlıq bağlarından, ortaq dildən, mədəniyyətdən və adət-ənənələrdən ilhamlanan bu fenomen nəhəng Avrasiyada mühüm siyasi və iqtisadi nəticələr verib".

"DM" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev "UZA"da (Özbəkistan Milli Xəbər Agentliyi) yayımlanan "Daha güclü, daha yaxşı inteqrasiya olunmuş və birləşmiş Türk Dünyasına doğru” adlı məqaləsində qeyd edib.

O bildirib ki, 5 türk dövləti müstəqilliklərini bərpa etdikdən dərhal sonra türk xalqları öz aralarında yeni münasibətlər sistemini yenidən müəyyən etməyə başlayıb: "Bu, böyük tarixi məqam və bir daha öz aralarında əsrlər boyu heç bir maneə və bölücü xətlərin olmasını istəməyən türk xalqının seçiminin doğurduğu təbii nəticə idi.

Türk dövlətləri arasında bugünkü qardaşlıq və hörmət münasibətləri aydın siyasi seçimlər, türk dövlətlərinin liderlərinin qətiyyətli mövqeyi və gələcəyi düşünmək cəsarəti ilə addım-addım qurulmalı idi”.

Baş katib məqaləsində qeyd edib ki, bütöv Türk Dünyası bir reallıq olsa da, hələ tamamlanmayıb və indi əsas hədəflərdən biri türk dövlətlərinin iqtisadi inteqrasiyasına nail olmaqdır.

"Lakin inteqrasiya səylərinə yalnız iqtisadi baxımdan baxmaq olmaz. Ortaq mədəni zənginliyi, dəyərləri, prinsipləri və maraqları təşviq etmək türk tərəfdaşlığının əsasını təşkil edir. Türk ölkələri öyrənməli, böyüməli və ortaq cəhətləri ilə bir-birinə bağlanmalıdır", - o vurğulayıb.

Bağdad Amreyev məqaləsində Təşkilatın Bakı Sammitini onun tarixində həlledici məqamlardan biri kimi xarakterizə edir: "Türk əməkdaşlığının dönüş nöqtələrindən biri 2019-cu ildə Bakıda keçirilən Dövlət Başçılarının Zirvə görüşü oldu. Bu Sammitdə üzv dövlətlər gələcəkdə vahid mövqedən çıxış etməyə hazır olduqlarını bildirərək, münasibətlərini əməkdaşlıqdan tədricən inteqrasiyaya keçirməyi qərara aldılar. Məhz buna görə də Bakı Sammiti vahid Türk Dünyası yolunda ilk həlledici addım kimi yadda qalıb".

Baş katib əlavə edib ki, bu gün türkdilli ölkələr arasında tarixi əlaqələr planlı, institusional və davamlı əməkdaşlığa çevrilib: "TDT müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün effektiv mexanizmə malik tam hüquqlu beynəlxalq təşkilat kimi özünü təsdiq edib. Əməkdaşlığımızın gündəliyi indi milli idarələrə, maraqlı tərəflərə və hədəf qruplara daha effektiv şəkildə çatdırılır”.

TDT-nin Baş katibi məqaləsində onu da qeyd edib ki, artıq üzv ölkələrin xarici siyasətində harmoniya var və bu ölkələr getdikcə beynəlxalq məsələlərdə bir qrup kimi çıxış edirlər: "Məsələn, TDT Azərbaycan xalqı ilə güclü həmrəylik nümayiş etdirərək Azərbaycanın öz ərazilərini azad etməsini və bu ərazilər üzərində suverenliyini bərpa etməsini dəstəkləyib”.