29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Zəhmət olmasa, kənara çəkilin”

28.10.2022

Yazıçı Elçin Səfərli Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında baş verən hadisələrə öz münasibətini bildirib.

Gənc ədib 1news.az-a açıqlamasında qeyd edib ki, onu Azərbaycan Yazıçılar Birliyinin qurultayına xərclənən vəsaitdən daha çox gənc və istedadlı yazıçıların olmaması narahat edir:

"Siz müasir Azərbaycanın heç olmasa bir gənc yazıçısını tanıyırsınız (məni saymasaq)? Hansının ki, 30 yaşı var. Çox güman ki, tanımırsınız. Onlar ortalıqda yoxdurlar. Onların əvəzinə Anar Rzayev, Çingiz Abdullayev və onların yoldaşları, üzr istəyirəm, pensiya kateqoriyasına aid fiqurlar ortalıqdadırlar. Məgər Azərbaycanda cəmiyyət tərəfindən sevilə biləcək yeni yazarlar doğulmur? Mən əminəm ki, doğulur!”

Elçin Səfərli hesab edir ki, gənc yazıçılar yalnız öz gücləri hesabına auditoriya ilə ünsiyyət qurmağa çalışırlar:

"O zaman sual yaranır: ölkənin yazı mədəniyyətini qorumaq və inkişaf etdirmək öhdəliyini öz üzərinə götürmək iddiasında olan Azərbaycan Yazıçılar Birliyi nəyə lazımdır? İldə 2-3 ədəbi almanax və birliyin indiki rəhbərliyinə yaxın olan şairlərin şeirlər toplusunu çap etdirməkdən ötrümü? İttifaq Azərbaycan müəlliflərinin ölkədən kənarda populyarlaşması üçün nə edib? Rusiyada, Ukraynada, Qazaxıstanda 15 ildir aktiv fəaliyyət göstərən bir müəllif kimi deyəcəm: heç nə! Rusiyalı və ya ukraynalı tanışlarınıza müraciət edin, onlardan soruşun: "Azərbaycan yazıçılarından hansını tanıyırsınız, oxuyursunuz?”

Elçin Səfərli söyləyib ki, kitablarının ümumi tirajı bir milyon nüsxəyə yaxınlaşıb və Azərbaycan dilində də nəşr olunur.

"Mənim Bakıda da çıxışlarım olur. Amma bütün bunlar nə Anar Rzayevin, nə Çingiz Abdullayevin, nə də onların təmsil olunduğu ittifaqın xəbər tutmadığı məkanlarda baş verir”, - deyə gənc yazıçı bildirib.

Elçin Səfərli hesab edir ki, birlik dövlət tərəfindən maliyyələşsə də, paytaxtın və Azərbaycanın bölgələrindən olan gənc yazıçıların kitablarına ölkədəki kitab mağazalarının rəflərində rast gəlinmir. Habelə yeni nəsil müəlliflərinin kitabları başqa dillərə tərcümə edilmir, gənclər kitab festivallarında iştirak etmirlər.

"Nəticədə gənc müəlliflər təslim olur, gedib özlərinə ofis işi tapıb çalışırlar. Mədəniyyətimiz belə aradan gedir... Bundan daha faciəli nə ola bilər?

"Azərbaycan yazıçılarının yaşlı nəslə olan bütün hörmətimin müqabilində onlara sadəcə olaraq demək istəyirəm: "Zəhmət olmasa, kənara çəkilin”, - deyə Elçin Səfərli fikrini tamamlayıb.