08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev Astarada açılışlar etdi

15.10.2018

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gedib.
"Dövran Media" xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldıldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verib.
Qeyd edək ki, bundan əvvəl dövlət başçısı Lənkərana səfər edib.
***
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına "Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi haqqında məlumat verib.
Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2015-ci ildə "Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanılıb. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə rayonda 73 min nəfərin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 102 min sakin faydalanacaq. Astara, Lənkəran şəhərləri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr və ya saniyədə 347 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. 2013-cü ildən etibarən bu mənbə hesabına Lənkəran şəhəri və 5 kənd, 2017-ci ildən isə magistral kəmər boyunca yerləşən 15 kənd keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunur.
Sutəmizləyici qurğuda suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Emal prosesindən keçən suyun anbarlara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 750 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 38 metr yüksəklikdə ümumi tutumu 20 min kubmetr olan 3 su anbarı inşa edilib. On min kubmetr tutumu olan su anbarı Lənkəran şəhəri və ətraf kəndlər, hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı isə Astara şəhəri və ətraf kəndlər üçün nəzərdə tutulub. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənir. Suyun anbardan Astara şəhərinə nəqli məqsədilə diametri 710 millimetr olan polietilen borularla 29,2 kilometr uzunluğunda magistral su xətti inşa edilib. Gələcəkdə Astara rayonunun 27 kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərdən hər bir kəndə çıxışlar verilib.
Diqqətə çatdırılıb ki, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə layihə çərçivəsində Astara müştəri xidmətləri sahəsi üçün müasir tipli inzibati bina tikilib. Ümumi sahəsi 220 kvadratmetr olan binada işçi otaqları, IT otağı, iclas zalı zəruri avadanlıqla təchiz edilib. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Dövlət başçısı Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin rəmzi açılışını bildirən düyməni basıb.
Bildirilib ki, layihə çərçivəsində Astara şəhərində 109 kilometr içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 su sayğacı quraşdırılıb. Suyun optimal idarə olunması məqsədilə şəbəkə üzərində 327 müxtəlif diametrli siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 274 yanğın hidrantı quraşdırılıb. Astara şəhərində kanalizasiya şəbəkəsinin yaradılması üçün uzunluğu 70,5 kilometr olan kanalizasiya şəbəkəsi, 8 kilometr tunel tipli kanalizasiya kollektoru, iki kanalizasiya nasos stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası da layihələndirilib. Layihənin növbəti mərhələsində kanalizasiya infrastrukturunun yaradılması nəzərdə tutulur.
Qeyd edilib ki, layihənin icrasına qədər Astara şəhərində 1980-ci illərdə yaradılmış su təchizatı infrastrukturundan istifadə olunurdu. Şəhərə içməli su Astara rayonunun Qapıçıməhəllə kəndində yerləşən drenaj quyularından verilirdi. Şəhərdə mövcud olmuş 41 kilometr uzunluğunda paylayıcı şəbəkə istismara yararsız vəziyyətə düşmüşdü. Azərsu ASC şəhərin 15 min sakininin 30 faizinə xidmət göstərirdi və içməli su fasiləli rejimdə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 25-də su və kanalizasiya şəbəkələrinin, 11-də isə su şəbəkəsinin inşası yekunlaşıb. Bu ilin sonuna qədər daha 3 şəhərdə işlərin başa çatdırılması nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının yaddaqalan və mənalı keçməsi üçün geniş imkanlar yaradılıb. Xəzərin sahilindəki bu kompleks həm də Astara şəhərinin simasının daha da gözəlləşdirilməsi, onun inkişaf tempinin nümayiş olunması baxımından da çox əhəmiyyətlidir. Dövlətimiz tərəfindən vətəndaşların istirahətlərini mənalı təşkil etmək və onların asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımlar atılır. Bu istiqamətdə son illərdə çox mühüm işlər görülüb. Bu kompleksdəki şərait də bunu sübut edir. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir.
Dövlət başçısı elektromobillə kompleksin ərazisini gəzib.
Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı inşaat işlərinə Prezident İlham Əliyevin 2017-ci ilin iyunun 8-də imzaladığı Sərəncama əsasən başlanılıb. Tikinti işləri 2018-ci ilin avqust ayında başa çatdırılıb. Park-bulvar kompleksinin ikinci hissəsinin ərazisi 10 hektar sahəni əhatə edir. Bu istirahət məkanının 500 metrlik hissəsi Xəzər dənizinin sahili boyunca uzanır. Ərazidə 52 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, qala divarı, fəvvarə kompleksi, süni şəlalə quraşdırılıb. Bundan başqa, istirahət məkanında iki hektar sahəsi olan "Zirvə” idman klubuna məxsus atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb, uşaqlar üçün attraksionlar, oturacaqlar, işıq dirəkləri və suvarma sistemi quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllıq işləri görülüb, gül, dekorativ kol və ağaclar, həmçinin yerli meşə ağacları əkilib.
Belə layihələrin icrası Astaranın abadlaşdırılması, gözəlləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərin davamlı olduğunu və bu işlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirildiyini bir daha sübut edir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda və yüksək zövqlə yaradılan bu istirahət məkanı Astaranın gəzməli-görməli yerlərinə daha bir ünvanı da əlavə edir.