02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda aksiya dəhşəti: yüzlərlə ölən var

27.10.2022

Dünən İranda etiraz aksiyaları daha da şiddətləndi. 40 gün əvvəl Tehranın əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin polis zorakılığı nəticəsində ölməsi ilə başlayan etirazlar sürətlə İranın bütün şəhərlərində İslam Respublikasına qarşı aksiyalara çevrildi.

Bu günə qədər davam edən etirazlar zamanı yüzlərlə ölən, minlərlə yaralanan var. Həbs olunanların sayı barədə rəsmi məlumat olmasa da, beynəlxalq insan haqları təşkilatları onların sayının onminlərlə olduğunu bildirir.

Hadisələrin davamı İranda ciddi problemlər yaradıb. Onsuz da Qərb ölkələrinin sanksiyaları nəticəsində pis durumda olan İran iqtisadiyyatı etirazlardan sonra daha da pisləşib. Dolların qiyməti bahalaşıb, ölkədə inflyasiya artıb.

Etiraz aksiyalarının istehsal müəssisələrinə sıçrama ehtimalı da yaxın günlərdə İranın iqtisadiyyatında daha ciddi mənfi təsirlər yarada bilər. Bir çox neft sənayesi istehsal müəssisəsi və ağır sənaye zavodları etirazlara dəstək nümayiş etdirərək tətil elan edib. Ən son Təbrizin Traktorqayırma zavodunun işçilərinin bir hissəsi bu aksiyalara qatılmışdı.

İran rəsmiləri etirazların tez bir zamanda yatırılmasının yollarını axtarır. Bunun üçün hətta rusiyalı mütəxəssislərlə də məsləhətləşmələr aparır.

Bir müddət əvvəl hamı elə fikirləşirdi ki, İran böhrandan çıxmaq üçün qonşu dövlətlərlə konfliktlər yaratmağa çalışacaq və daxili narazılıqları "xarici təhdid” yarlığı ilə yatırmağa nail olacaq. Lakin dünən baş verən hadisələr göstərdi ki, İran rejimi tam başqa bir planla etiraz aksiyalarını sakitləşdirmək istəyir.

Dünən etiraz aksiyalarının gərgin saatlarında İranın Fars vilayətinin mərkəzi Şiraz şəhərindəki dini ziyarətgahların birində terror hadisəsi baş verdi. Hadisə zamanı 20 nəfər ölüb, onlarla insan yaralanıb. Ölənlərin sayının artacağı ehtimal olunur. İran mətbuatının verdiyi məlumata görə, terror aktını İŞİD öz üzərinə götürüb. Məlumatda bildirilir ki, terror hadisəsini törədən 3 nəfərdən ikisi saxlanılıb, bir nəfəri isə qaçmağı bacarıb.

Yerli sakinlərin verdiyi məlumata görə, yaralılar hərbi hospitala aparılıb və heç kimin ora yaxınlaşmasına icazə verilmir.

Hadisələrdən dərhal sonra İranda hakimiyyətə yaxın media qurumları ölkədə baş verən etirazlarla terror hadisəsi arasında əlaqələr axtarmağa başladılar. "Tasnim” agentliyi yazıb ki, terrorçular ölkədə qeyri-stabil vəziyyətindən istifadə edərək, hadisəni törədə biliblər. Daxili işlər naziri və parlamentin spikeri də oxşar bəyanatla çıxış edib.

İranın daxili işlər naziri Əhməd Vahidi hadisədən 1 saat sonra terror aktı barədə məlumat verərək bildirib: "Ölkədə iğtişaşlar təhlükəli istiqamətə doğru gedir. Terrorçu qruplar ölkədə iğtişaşların cərəyan etdiyi vəziyyətdən istifadə edərək, əməliyyatlar hazırlamağa başlayıb”.

Qeyd edək ki, İran rəsmiləri etiraz aksiyalarını "iğtişaş” adlandırır.

İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf da hadisələri şərh edərkən bildirib: "Bu dəhşətli faciə ölkədə iğtişaşlar törədənlərə son xəbərdarlıqdır. Onlar törətdiyi iğtişaşlarla düşmənlərin fitnələrinə zəmin yaradırlar”.

İran prezidenti də bu haqda xarici düşmənlərə işarə edərək, ağır intiqam alınacağını bildirib.

Güman olunur ki, hakimiyyət qüvvələri bundan sonra etirazçılara qarşı daha da ciddi tədbirlər həyata keçirəcək və bütün vasitələrlə aksiyaları sakitləşdirməyə çalışacaq. Bunun ağır nəticələri isə yaxın günlərdə özünü büruzə verəcək.