28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda adam oğurlayan dəstə üzvləri tutulublar - VİDEO

17.10.2022

Abşeron rayonunda adam oğurluğu, narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan dəstə üzvləri saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, rayonun Qobu qəsəbə sakini olan bir nəfər polisə müraciət edərək borclu olduğu, əvvəldən tanıdığı şəxslərin ona hücum etdiyini, daha sonra naməlum ünvana apararaq qanunsuz olaraq orada saxladıqdan sonra mobil telefon və pulunun həmin şəxslər tərəfindən əlindən alındığını bildirib.

Həmin şəxslər daha sonra zərərçəkənin fotolarını çəkərək onun yaxınlarına göndəriblər.

Hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara və zəruri əməliyyat tədbirlərinə başlanılıb. Tədbirlər nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, Qobu qəsəbəsi sakini Zaur Əliyev, Ceyhun Səmədzadə və qardaşı Rafiq Səmədov tutulublar.

Saxlanılan zaman Ceyhun Səmədzadə ilə qardaşının üzərindən külli miqdarda narkotik vasitə olan heroin də aşkar edilib.

Araşdırmalarla bu şəxslərin Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduqları da ortaya çıxıb.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat nəticəsində həyətində narkotik tərkibli çətənə kolları əkən əvvəllər də məhkum olunmuş Tariel Sadıqov saxlanılıb. Onun həyətinə baxış zamanı yaş halda çəkisi 10 kiloqram olan kultivasiya edilən çətənə kolları aşkar edilib.

Qeyd olunan faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.