28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Şövkət Mirziyayevlə görüşüb

15.09.2022

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə görüşü olub.

"DM" xəbər verir ki, Prezident Şövkət Mirziyayev dövlətimizin başçısını Özbəkistanda salamlamaqdan məmnunluğunu bildirdi, Azərbaycan Prezidenti İlham Əliyevin iyunda Özbəkistana dövlət səfərini xatırladı. Özbəkistan Prezidenti dövlət səfəri zamanı müəyyənləşdirilən istiqamətlər üzrə işlərin uğurla davam etdirildiyini, hökumətlərarası komissiyanın fəaliyyətinin təşkil olunduğunu, verilmiş tapşırıqların yerinə yetirildiyini vurğuladı. Prezident Şövkət Mirziyayev yüksək səviyyəli qarşılıqlı səfərlərin də davam etdirildiyini, Azərbaycan Milli Məclisi sədrinin bu yaxınlarda Özbəkistana səfərinin, parlamentlərimiz arasında əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırdı.

Qarşıda duran əsas məsələnin əlaqələrimizin bütün sahələrdə daha da inkişaf etdirilməsi olduğunu vurğulayan Özbəkistan Prezidenti Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin qarşılıqlı təltif olunmasını müsbət hal kimi dəyərləndirdi. Prezident Şövkət Mirziyayev dövlətimizin başçısını Özbəkistanda ən əziz dostu və qardaşı kimi salamladığını bir daha qeyd etdi.

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak üçün dəvətə görə Prezident Şövkət Mirziyayevə təşəkkürünü bildirdi. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunduğunu diqqətə çatdırdı və uğurlu sədrlik münasibətilə Prezident Şövkət Mirziyayevi təbrik etdi.

Dövlətimizin başçısı Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə yaxşı nəticələrin əldə olunduğunu bildirdi. Səmərqənddə aparılan yenidənqurma işlərini, şəhərin abadlaşdırılmasını, gözəlləşdirilməsini xoş təəssüratla qarşıladığını vurğulayan Azərbaycan Prezidenti qardaş Özbəkistanın Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə inkişafının xalqımızda böyük sevinc hissi doğurduğunu qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, biz qardaş, dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq.

Özbəkistana dövlət səfərini xoş təəssüratlarla xatırladığını vurğulayan Prezident İlham Əliyev Prezident Şövkət Mirziyayevi Azərbaycana səfərə dəvət etdi.

Prezident Şövkət Mirziyayev dəvəti məmnunluqla qəbul etdi.

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı, pambıqçılıq, trikotaj, nəqliyyat, sənaye, ticarət və digər sahələrdə əlaqələrimizin inkişafında konkret nəticələrin olduğunu bildirdi. Bütövlükdə iqtisadi-ticari əlaqələrimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı da mədəniyyət xadimlərimizin qarşılıqlı təltif edilməsini müsbət hal kimi dəyərləndirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.