30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Kərimin yeni kitabı Ankarada təqdim edilib

08.09.2022

XX yüzil Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərimin "Seçilmiş şeirlər” kitabının Ankarada təqdimatı olub.

"DM" xəbər verir ki, təqdimatda millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da çıxış edib.

Q.Paşayeva ön söz yazdığı kitabın "Bengü” nəşriyyatında nəfis tərtibatla gün üzü gördüyünü bildirərək, ilk növbədə görkəmli şairin şeirlərinin Türkiyə türkcəsinə uyğunlaşdırılmasında, ümumən kitabın hazırlanmasında və təqdimat mərasiminin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Komitə sədri deyib ki, Əli Kərimin Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr edilən "Seçilmiş şeirlər” kitabı görkəmli şairin 90 illiyi münasibəti ilə hazırlanıb və bu, kitabın ilk təqdimatıdır:

"İlk təqdimatın Ankarada, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Azərbaycan Evinin "Şuşa” konfrans salonunda, qardaş ölkələrin aydınlarının iştirakı ilə keçirilməsi şairin ruhunu şad edən çox gözəl hadisədir. Bu nəşri və təqdimatı öz xalqına, ölkəsinə, milli-mədəni irsə könüldən bağlı olan şairin 90 illik yubileyinə önəmli töhfə hesab edirəm.

Əli Kərimin fiziki ömrü qısa olsa da, qədirbilən oxucular, yazarlar onun sözünü yaşadır və şairin ömrünün onun yaradıcılığının ömrü qədər uzun olduğunu bir daha sübut etmiş olur. Hazırda Əli Kərimin üslubunu, poetik tərzini, obrazlarını davam etdirən şairlər var. Bunu akademik çevrələr etiraf edir. Onun "Qaytar ana borcunu”, "İki sevgi”, "Nə gəlməz oldun”, "Yar gəldi”, "Pillələr”, "Azərbaycanım mənim”, "Qayıt”, "Nə xoşbəxt imişəm”, "Babəkin qolları” və başqa şeirləri dillər əzbəridir”.

Təqdimatda TADİV rəhbəri Aygün Attar, Avrasiya Yazarlar Birliyinin başqanı, yazıçı-publisist Yaqub Öməroğlu, tanınmış yazıçı-tərcüməçi İmdad Avşar, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, "UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev, "UMAY – Türk dünyası qadınlarına dəstək” İB sədri Vəsilə Abulova və başqaları çıxış edib, təqdim olunan kitabın önəmi barədə fikirlərini bölüşüb.

Əli Kərimin "Seçilmiş şeirlər”inin nəşrini Azərbaycan poeziyasının Türkiyədə daha geniş tanınması üçün yeni addım kimi dəyərləndirən çıxışçılar kitaba görə Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğluna, şeirlərin uğurlu uyğunlaşdırılmasına görə Arif Acalova minnətdarlıqlarını ifadə ediblər.