27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiya Rusiyanı Kuril adalarında hərbi təlim keçirməkdən imtinaya çağırıb

28.07.2022

Yaponiya hökuməti Rusiyanı Kuril adalarının cənub rayonlarında hərbi təlim keçirməkdən imtina etməyə çağırıb.

"DM” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya hökuməti Baş katibinin müavini Yosixiko İsodazaki bildirib.

"İyulun 27-də diplomatik kanallar vasitəsilə Rusiyaya regionda, o cümlədən şimal rayonlarında hərbi təlimlə bağlı təqdimat göndərmişik. Çünki bu təlimin keçirilməsi ölkəmizin ərazi məsələsi ilə bağlı mövqeyinə ziddir”, - o qeyd edib.

Y.İsodazaki söyləyib ki, Rusiya hərbçilərinin regionda, xüsusi ilə Ukraynada davam edən müharibə fonunda belə fəallaşması rəsmi Tokionun narahatlığına səbəb olub.

Məlumata görə, bir müddət əvvəl Rusiyanın Müdafiə Nazirliyi bölgədə "Vostok-2022” adı altında təlimlər keçirilməsinin planlaşdırıldığını açıqlamışdı. Təlimlərin avqustun 30-dan sentyabr 5-dək Şərq Hərbi Dairəsinin 13 poliqonunda keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Yaponiya Kuril zəncirinin dörd cənub adasına – İturup, Şikotan, Kunaşir və Habomaiyə İkinci Dünya müharibəsinin sonundan, yəni Sovet İttifaqı tərəfindən ilhaq edildikdən bəri iddia edir. 1956-cı ildə rəsmi Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb.

Yaponiya diplomatları 2003-cü ilə qədər adaları rəsmi olaraq "qanunsuz işğal edilmiş", 2012-ci ilə qədər isə "dədə-baba torpaqları" adlandırırdı. 2012-ci ildən hökumət Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür dildən yayınıb.

Yaponiya 1956-cı il Adalar Bəyannaməsinə qayıtmağa hazır idi. Həmin sənəddə SSRİ iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılmasına razılıq verib. 2019-cu ildə Yaponiyanın Baş naziri Sindzo Abe Kuril adaları ilə bağlı məsələyə son qoyacağına and içdiyini deyib. Lakin onun dövründəki danışıqlar heç bir nəticə verməyib.

Fevralın sonunda Yaponiya Xarici İşlər Nazirliyinin departament direktoru Cənubi Kuril adalarının işğal olunduğunu bildirib. Daha sonra Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi parlamentdəki çıxışında həmin bölgəni "əzəli yapon ərazisi” adlandırıb. O, ayrıca mətbuat konfransında adaların "qanunsuz işğal olunduğunu” vurğulayıb. Bundan sonra rəsmi Moskva martın 21-də sülh danışıqlarını dayandırdığını açıqlayıb.